Prezident İlham Əliyev Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
RePost.Az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları,
Hörmətli xanımlar və cənablar,
Sizi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.
Bildiyiniz kimi, dörd il öncə, 25 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatı ölkələrinin yekdil dəstəyi ilə Hərəkata sədrliyi qəbul etdi. Bəşəri dəyərlərin təbliğinə xidmət edən Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən mən prioritetlərimi və fəaliyyətimi tarixi Bandunq prinsipləri üzərində quracağımı bəyan etdim. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri də kolonializmə qarşı mübarizə olmuşdur. Həmin Konfrans iştirakçıları qeyd etmişdilər ki, “Xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının inkar olunmasıdır, BMT-nin Nizamnaməsinə ziddir və beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Kolonializm bütün təzahürləri ilə tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir”.
Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyllərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.
Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur.
XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.
Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmiş, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.
26 mart 2021-ci ildə tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa Prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdır.
Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir.
Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür.
Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır.
Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq astanasındadır, işsizlik səviyyəsi hər il artır. Burada təbii sərvətlər talan edilir və torpaqların 90%-i Fransa dövlətinin mülkiyyətindədir.
Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar.
Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Qoşulmama Hərəkatı öz sənədlərində Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki danılmaz suverenliyini daima təsdiqləyir.
Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququ əlindən alınır.
Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdir. Riyakar və ikili standartlı siyasət yürüdən Fransa eyni zamanda, regionumuzda milli azlıqların müdafiəçisi kimi özünü təqdim etməyə çalışır.
Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Daxildə bu cür narahatedici və təhlükəli meylilərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyulunda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, daha sonra 22 sentyabrda Nyu Yorkda BMT Baş Assambleyasının qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir.
Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin (siyasi və dekolonizasiya məsələləri) fəaliyyəti daha da canlandırılmalıdır.
Bugünkü konfrans kolonializm, onun fəsadları və neokoloniazlimlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün əlverişli fürsətdir.
İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “kolonializmdən azad dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.