“Ukraynanın məğlubiyyəti ABŞ üçün fəlakət olacaq, çünki Vaşinqton dünya ictimaiyyətinin gözündə güclü dövlət statusunu itirəcək”.
 
Jurnalist Qarland Nikson özünün yutub kanalında bildirib.
 
“Dünyanın diqqəti bu münaqişəyə yönəlib... Çünki bu dəfə ABŞ super güclə münaqişəyə cəlb olunub. Birləşmiş Ştatlar Ukraynaya əlində olan hər şeyi verəcəyini söyləmişdi... Nəticədə Putin indi qalib gəlir... Bu, ABŞ üçün böyük məğlubiyyətdir”, - Nikson qeyd edib.
O deyib ki, Vaşinqton əvvəllər də səhvlərə yol vermişdi, lakin ölkə iqtisadi və sənaye cəhətdən güclü olduğu üçün Amerika “bu səhvlərdən qurtula bilirdi”. Nikson qeyd edib ki, Ukraynanın məğlubiyyəti ABŞ üçün mənfi nəticələrə gətirib çıxaracaq və dünya çoxqütblü olacaq.
Qarland Nikson kimdir? Radio və televiziyada tok-şou aparıcısı kimi tanınıb. Dünya miqyasında antiimperialist hərəkatda yer alır. O, hüquq-mühafizə orqanlarında 20 ildən çox işləyib və mayor rütbəsi ilə təqaüdə çıxıb. Bir neçə il tələbələrə cinayət məcəlləsini tədris edib. 2010-cu ildən 2019-cu ilə qədər “Fox News”da müntəzəm məqalələri ilə çıxış edib. Mütərəqqi fikirləri ilə tanınır.
 
Xatırladım ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə vurğulayıb ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat sonda çoxqütblü dünyanın yaranmasına təkan verəcək.
 
Əlbəttə, Qarland Niksonun dediklərini qəribçiliyə salmaq olar. Ancaq oxşar fikri Pentaqonun rəhbəri Lloyd Austin (2021) də dilə gətirib. Buyurub ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə yardımı dayandırarsa, Rusiya Ukraynada qalib gələcək. Qərbin nüfuzlu media mərkəzlərindən olan “politico.com” da oxşar mövqedən çıxış edir. “Russia Will Survive a Defeat in Ukraine. It’s Time to Prepare for What Comes Next.” (Rusiya Ukraynada məğlubiyyətdən xilas olacaq. Bundan sonrakı proseslərə hazırlaşmağın vaxtıdır.) adlı məqalədə Qərbə açıq şəkildə çağırış var. Ən önəmlisi isə odur ki, etiraf da var.
 
“The Wall Street Journal”da gedən “It’s Time to End Magical Thinking About Russia’s Defeat” (Rusiyanın məğlubiyyəti haqqında sehrli düşüncələrə son qoymağın vaxtı çatıb) adlı məqalə isə Rusiyada toy-bayram kimi qarşılandı. Məqalədə deyilir ki, Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün Qərb hərəkətə keçdi. Ancaq rəsmi Moskva Qərbin müqavimətinə tab gətirdi və Putin şəxsi hakimiyyətini daha da möhkəmləndirdi. Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və müttəfiqlərinin yeni strategiyaya ehtiyacı var.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərtərəfli hücumunun ikinci ildönümünə az qalıb. Putinin özünə inamını aydın şəkildə müşahidə edirik. Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı uğurlu olsaydı, Kiyevə danışıqlar zamanı güclü mövqedən çıxış etmək imkanı qazandıra bilərdi. Ukraynaya maliyyə dəstəyi ilə bağlı Konqresdəki qütbləşmə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Putin tərəfdarı olması da Qərbə prosesə optimist yanaşmağa imkan vermir. Amerikanın HƏMAS-İsrail savaşına aşırı marağı da Ukraynanın müqavimət imkanlarını aşağı salır...
 
Zamanın onun tərəfində olmasına Putinin inanması üçün kifayət qədər əsası var. Cəbhə xəttində Rusiyanın müharibəni uduzmasına dair heç bir əlamət yoxdur. Rusiya iqtisadiyyatı zərər çəksə də, sıradan çıxmayıb, amma bərbad vəziyyətdə deyil. Nə qədər paradoksal olsa da, iyun ayında Yevgeni Priqojinin uğursuz üsyanından sonra Putinin hakimiyyəti daha da gücləndi. Müharibəyə xalq dəstəyi möhkəm olaraq qalır və elitanın Putinə dəstəyi də sarsılmayıb.
 
“The Wall Street Journal” yazır ki, Rusiyaya tətbiq olunmuş sanksiyalar və Rusiyanın ixracatına nəzarət Putinin müharibə aparmaq gücünə gözlənildiyindən qat-qat az təsir edib. Rusiyanın müdafiə sənayesi üçün çalışan zavodları istehsalı artırır. Köhnəlmiş sovet fabrikləri artilleriya mərmiləri kimi çox ehtiyac duyulan malların istehsalında Qərb fabriklərini üstələyir.
 
Rusiya iqtisadiyyatını idarə etməkdə məsul olan texnokratlar möhkəm, uyğunlaşa bilən və bacarıqlı olduqlarını sübut etdilər. Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlıq nəticəsində yüksələn neft qiymətləri dövlət xəzinəsini doldurur. Ukrayna, əksinə, Qərbin nağd pul yardımından son dərəcə asılıdır.
 
Putin həm də xarici siyasət rekorduna məmnunluqla baxa bilər. Onun əsas əlaqələrə qoyduğu sərmayələr öz bəhrəsini verdi. Çin və Hindistan Rusiya nefti və digər əmtəələrinin idxalını artıraraq Rusiya iqtisadiyyatı üçün mühüm dayaq təmin edib. Qərbi Avropada itirilmiş bazarlardan və ya Pekinin ABŞ və Aİ sanksiyalarını pozmaq istəməməsindən narahat olmaq əvəzinə, Putin qısa müddətdə Çinin iqtisadi sahədə kiçik tərəfdaşı olmağın daha sərfəli olduğuna qərar verdi. Çindən gələn mallar Rusiya idxalının təxminən 50%-ni təşkil edir və Rusiyanın ən böyük enerji şirkətləri indi Çinlə alverə daha çox meyllidirlər.
 
Hətta Ermənistan, Gürcüstan, Qazaxıstan və Qırğızıstan kimi Putinin aqressiv taktikasından qorxmaq üçün hər cür əsası olan qonşu ölkələr də sanksiyalardan yayınmağa imkan verən və Rusiyanın birbaşa idxal etdiyi malların daşınma məntəqəsi kimi xidmət edərək böyük gəlirlər əldə ediblər.
 
Bütün bunların heç biri sürpriz sayılmamalıdır. 2022-ci ilin fevralında Ukraynaya hücumdan 6 aydan əvvəl Putin Rusiya üçün yeni Milli Təhlükəsizlik Strategiyasını imzaladı. Həmin sənədin əsas istiqaməti ölkəni Qərblə uzunmüddətli qarşıdurmaya hazırlamaq idi. Bu gün Putin xalqa strategiyasının işlədiyini deyə bilər.
 
“The Wall Street Journal” yazır ki, Putin müharibəni bitirmək üçün heç bir təzyiq hiss etmir. Qış yaxınlaşdıqca Rusiya ordusu öz məhdud quru hücumunu həyata keçirdi və şübhəsiz ki, Ukrayna şəhərlərinə, elektrik stansiyalarına, sənaye obyektlərinə və digər mühüm infrastruktur obyektlərinə raket və dron hücumlarını genişləndirəcək. Putin gözləyir ki, ABŞ və Avropanın Ukraynaya dəstəyi kəsiləcək, ukraynalılar onlara edilən sonsuz terror və dağıntılardan yorulacaqlar və bu ikisinin birləşməsi Rusiyaya Ukrayna ilə müqavilənin şərtlərini diktə etməyə imkan verəcək...
 
Bəllidir ki, Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsidir. Bu ölkə təbii sərvətlərinə görə son dərəcə zəngindir. Əsasən təbii sərvətlərini xammal kimi sataraq ayaqda durur. “The Wall Street Journal” da qeyd edir ki, Qərbin tətbiq etdiyi sanksiyalar elə bir nəticə vermədi.
Sanksiya ilə bağlı “BBC”nin araşdırması son dərəcə maraqlıdır. Britaniya radiosu yazır ki, Böyük Britaniya, ABŞ və Aİ Rusiyadan brilyant idxalını dayandırıb. 2021-ci ildə Rusiya brilyant ixracından 4 milyard dollardan çox qazanıb. 2021-ci ildə isə Rusiya qızıl ixracından daha çox - 15.4 milyard dollar xeyir götürüb. Təbii ki, Qərb Rusiyadan qızıl idxalına da sanksiya tətbiq edib.
 
Aİ, ABŞ, Böyük Britaniya və Kanada Rusiya Mərkəzi Bankının öz ölkələrindəki aktivlərini dondurub. Digər Rusiya banklarının aktivləri də dondurulub. Rusiya firmalarına banklardan borc götürmək qadağan edilib.
 
Böyük Britaniya hökuməti bildirib ki, Qərb dövlətlərinin tətbiq etdiyi maliyyə sanksiyaları Rusiyanın 604 milyard dollarlıq valyuta ehtiyatlarının 350 milyard dollarının dondurulmasına gətirib çıxarıb.
 
Qərbin sanksiya tətbiq etdiyi əsas sahə neft və qazla bağlıdır. Ancaq Rusiya hazırda xam neftinin 70 faizini Hindistan, Çin və Türkiyəyə satır. Müqayisə üçün deyək ki, 2022-ci ildə Hindistanın neftə olan ehtiyacının yalnız 2 faizini Rusiya ödəyirdi. İndi isə Hindistana neft ixrac edən əsas ölkə Rusiyadır. 2021-ci ildə Rusiya neftinin 50 faizi Avropa ölkələrinə satılırdı.
 
“BBC” onu da qeyd edir ki, Qərb Rusiyanın neftdən gələn gəlirini azaltmaq üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Venesuela kimi neftlə zəngin dövlətlərə müraciət edərək hasilatı artırmağa çağırış etdi. Ancaq adıçəkilən ölkələr neft hasilatın artırmadılar...
Mindən çox rusiyalı biznesmen və fiziki şəxs Qərbin sanksiyasına məruz qalıb.
 
Onların arasında oliqarxlar - Kremlə yaxın olduğu düşünülən biznes liderləri, məsələn, “Çelsi” futbol klubunun keçmiş sahibi Roman Abramoviç kimilər yer alır.
 
Prezident Putin və xarici işlər naziri Sergey Lavrova məxsus aktivlər dondurulub.
 
Sanksiyaya məruz qalan ruslarla məxsus olan ən azı 16 super-yaxta müsadirə olunub.
 
Nyu-Yorkda rus alüminium maqnatı Oleq Deripaska ABŞ sanksiyalarını pozmaqda ittiham olunub.
 
Zəngin ruslara Britaniyada yaşamaq hüququ verən “qızıl viza”ların satışı dayandırılıb.
 
“McDonald's”, “PepsiCo”, “H&M” və Adidas da daxil olmaqla, mindən çox beynəlxalq şirkət Rusiyada fəaliyyətini dayandırıb.
 
ABŞ, Böyük Britaniya, Aİ və Kanadanın hava məkanından Rusiyaya uçuşlar qadağan olunub.
 
Qərb liderləri Rusiya iqtisadiyyatının sanksiyalardan dolayı çökəcəyini proqnozlaşdırırdılar.
 
Lakin Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının 2023-cü ildə 0,7% arta biləcəyini deyir.
 
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiya gündə 8,3 milyon barel neft ixrac edir ki, bu da 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyədir. Ən böyük idxalçılar isə Hindistan və Çindir.
 
Bununla belə, IEA bildirir ki, Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlir Qərbin sanksiyaları səbəbindən 2023-cü ilin aprelində 22,5 milyard dollardan 8,1 milyard dollara düşüb. Şübhəsiz ki, bu, ciddi itkidir. Ancaq Rusiya vəziyyətdən çıxmağı bacardı.
 
Belə bir fonda Qərb nə etməlidir? Bu suala fərqli cavablar var. Məsələn, “telegraph.co.uk” saytı yazır ki, Rusiyanı birdəfəlik məğlub etmək üçün Qərb Ukraynanı NATO-ya üzv qəbul etməlidir. Əgər Qərb Kiyevin tezliklə alyansa qoşulmasının fərqinə varmasa, Qərb üçün vəziyyət getdikcə pisləşəcək. Əlbəttə, HƏMAS-İsrail savaşı da Qərbi pis vaxtda yaxalayıb. Hazırda Aİ daha çox Ukraynaya yardım etmək haqqında düşünür, ABŞ isə İsrailə dəstəyi özü üçün prioritet hesab edir. Ona görə də Qərb Yaxın Şərqdə alovlanmış müharibəni mümkün qədər tez ram etməyə və bütün gücü Ukrayna cəbhəsinə yönəltməyə çalışır. Rusiya isə tam əksinə, Yaxın Şərqdə başlayan müharibəyə digər ölkələrin də cəlb olunmasını arzulayır. Əgər belə olarsa, Rusiyanın Ukraynada əl-qolu daha da açılar...
 
Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci ilin dekabrında ABŞ Konqresindəki çıxışında belə demişdi: “Ukrayna beynəlxalq ictimai rəy uğrunda döyüşlərdə Rusiyanı məğlub edib”.
 
Təəssüf ki, Ukraynanın ictimai rəydə qazandığı bu qələbə hərbi meydandakı reallıqları dəyişmədi...
 
Elbəyi Həsənli. SÜRİX

Baxış sayı: 6981 | Tarix: 27.11.2023
Bizi Telegramda izləyin: @repostaz