Son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi logistik zəncirlərin qırılması ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığını artırıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, bu baxımdan Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir: “Bu dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirir. Bu isə ölkəmizin Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır və iqtisadiyyatımızda əlavə dəyərin yaranmasına töhfə verir. Bütün bunları nəzərə alaraq, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib”.