Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
 
Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
 
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mərasim iştirakçılarını salamladı.
 
Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verdi.
 
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
 
Prezident İlham Əliyevin çıxışı:
 
 
- Hörmətli cənab Prezident Vuçiç, hörmətli cənab Prezident Radev, hörmətli xanım nazir, xanımlar və cənablar!
 
İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə dostum Aleksandara təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bildirməliyəm ki, mən keçən il Serbiyaya rəsmi səfər etmişdim. Ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfər etmişdir. Bu gün yenə də sizin gözəl ölkənizdəyəm. Bu, bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.
 
Əfsuslar olsun ki, Prezident Vuçiçə bu gün rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilib, onun qeyd etdiyi kimi, qəbul edilmiş qanuna görə. Ancaq buna baxmayaraq, bizim söhbət etmək üçün imkanımız olacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox böyük işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi onun uğurlarına həmişə sevinirik və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk.
 
Əminəm ki, bugünkü tədbir və açılışdan sonra interkonnektorun fəaliyyəti Serbiyanın sənaye inkişafına böyük töhfə verəcəkdir. Mən bilirəm ki, Prezident Vuçiçin ölkəsinin sənaye potensialının inkişafı ilə bağlı çox genişmiqyaslı planları var. O planların böyük hissəsi həyata keçirilib. Gələcək planların həyata keçirilməsi üçün əlbəttə, enerji resursları lazımdır və şaxələndirilmiş təchizat şəbəkəsi də təbii ki, qurulmalıdır.
 
Eyni sözləri dostum, Prezident Radev haqqında da deyə bilərəm. Bolqarıstanla da bizi strateji tərəfdaşlıq Sazişi bağlayır. Bu il mən Bolqarıstana və Prezident Radev Azərbaycana səfərlər etmişik. Bu da onu göstərir ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.
 
Yəni deyə bilərəm ki, bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir. Əlbəttə ki, hər iki prezidenti bugünkü açılış münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir.
 
Bildirməliyəm ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
 
Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın, daha doğrusu, Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.
 
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.
 
Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.
 
Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.
 
Bir daha əziz dostum Aleksandara dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və hamımıza uğurlar arzulayıram. Sağ olun.
 
x x x
 
Daha sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre çıxış etdilər.
 
Prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə saldılar.
 
***
Prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə saldılar.

Baxış sayı: 10325 | Tarix: 10.12.2023
Bizi Telegramda izləyin: @repostaz