Qubanın Bağbanlı kəndində dünən baş verən qətllə bağlı bəzi məqamlar məlum olub.
Qətl hadisəsi baş verən ailənin yaxınları APA-nın şimal bürosuna bildiriblər ki, 86 yaşlı anasının qətlinə görə tutulan Zülfüqar İsmixanov əsəb xəstəliyindən əziyyət çəkib. Hətta bir neçə dəfə psixonevroloji mərkəzdə müalicə alıb. Onun həmçinin spirtli içki aludəçisi olduğu, qətli sərxoş halda törətdiyi bildirilib.
Məlumata görə, 49 yaşlı Zülfüqar İsmixanov 86 yaşlı anası Zöhrə İsmixanovanın baş nahiyəsinə odun parçası ilə xəsarətlər yetirib. Qadın təcili tibbi yardım avtomobili ilə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Zülfüqar İsmixanovun 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci qrup əlil olduğu bildirilib. Onun 2 övladı var.