Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğınla müşahidə olunan partlayış olub. 
 
RePost.Az xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
 
Hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonunda sexdə partlayış-yanğın baş verən əraziyə gəlib.
 
FHN Mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. 
 
Dağıntılar altında qalanların olması ehtimal olunur. Ona görə əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji qrupunun 3 baş iti cəlb edilib.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə dağıntılar altından 3 nəfərin cəsədi çıxralıb. 
 
24 nəfər xəsarət alıb. Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
 
Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər şəxs Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib. 
 
14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub. 
 
Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.
 

Baxış sayı: 5252 | Tarix: 15.01.2024
Bizi Telegramda izləyin: @repostaz