Qubada dərs vaxtı məktəbə daxil olan şəxs şagirdi döyərək xəsarət yetirib.
RePost.Az "Report"a istinadən xəbər verir ki, hadisə Quba rayonunda, Rüfət Kəlbiyev adına Xınalıq kənd İnternat tam orta məktəbində baş verib.
Belə ki, kənd sakini Əkbərov Əfqan Elxan oğlu məktəbə gələrək, icazəsiz sinif otağına daxil olub və 17 yaşlı şagird Məhəmməd İsmayılovun üstünə qışqıraraq ayağa durmasını tələb edib.
O, şagirdi təpiklə vurmaq istəyərkən, M.İsmayılov onun ayağından tutub və yerə yıxıb. Ə.Əkbərov ayağa duraraq Məhəmmədin boğazından yapışıb, boğmağa başlayıb. Bu zaman məktəbin direktoru Yusif Dəmirov içəri daxil olub. Məktəb direktoru M.İsmayılovu Ə.Əkbərovun əlindən almaq istəsə də gücü çatmayıb. Səs-küyə digər müəllimlər də gəlib, güclə Məhəmmədi Əfqanın əlindən alıblar.
Boğulma nəticəsində şagirdin vəziyyəti pisləşib və huşunu itirib.
Məhəmmədin valideynləri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
RePost.Az