"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
 
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən iclasda ittiham aktı elan olunub.
 
İttihama görə, təqsirləndirilən şəxs 2023-cü il avqustun 15-də yol hərəkəti qaydaları haqqında qanunun 37-ci maddəsini pozub. Nicat Şakirli “Porsche Panamera” markalı avtomobili sürət həddi 70 km/saat olan yolda 100/110 km/saat sürətlə idarə edib. O, hərəkətdə olarkən “Kia Rio” markalı avtomobili soldan ötmə əməliyyatı həyata keçirmək istəyərkən son anda yolun daralması nəticəsində sağ istiqamətə keçib. Bu zaman isə avtomobil həmin yolla hərəkətdə olan yük maşınına çırpılıb. Nicat Şakirlinin idarə etdiyi avtomobildə olan Ruslan Məmmədov ölüb.
 
Nicat Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
 
Nicat Şakirlinin təqsiri sübuta yetirilərsə, 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.
 
Daha sonra təqsirləndirilən şəxs Nicat Şakirli ifadə verib. O, özünü təqsirli bildiyini deyib.
 
Nicat Şakirli hadisəni xatırlamadığını bildirib: "Nərimanovda oturmuşduq. "Okey" oynayırdıq. Sonra sıxıldıq. Dedim dur gedək gəzək. Mərhumla ikimiz çıxdıq. Maşınla gəzirdik. Mən evə gedib paltarımı dəyişmək istəyirdim. Sonradan yenidən Ruslanın yanına qayıdası oldum. Onun pulqabısı maşınında qalmışdı. Maşını da Xətaidə idi. Hadisədən 1-2 saat qabağı xatırlayıram. Sonra nə olduğunu videoya baxıb bildim. Heç nəyi xatırlamıram. Hadisə zamanı içkili olmamışam. Ruslan da içməyə qoymazdı. Mənə qaranlıq olan odur ki, hadisə zamanı içkili olmamışam, məndən nümunə necə götürülüb".
 
Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.
 
Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.
 
Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Baxış sayı: 5157 | Tarix: 06.02.2024
Bizi Telegramda izləyin: @repostaz