Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olub.
 
RePost.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
 
Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.
 
Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
 
Həmçinin eyniadlı "Telegram" səhifəsində yerləşdirilən, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin martın 12-də çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib.
 
"Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk", - məlumatda bildirilib.

Baxış sayı: 6297 | Tarix: 12.03.2024
Bizi Telegramda izləyin: @repostaz