DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BDYPİ-dən verilən xəbərə görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumata əsasən, xüsusilə gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.
Qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur".