Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərdən daha bir nəfərin kimliyi müəyyən edilib.
 
APA xəbər ki, bunu bu gün Baş Prokurorluqla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini- Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
 
Qeyd olunub ki, kütləvi məzarlıqda tapılan qalıqların Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyən edilib.
 
O da bildirilib ki, aşkar edilmiş insan qalıqlarının torpaqda qalma xüsusiyyətlərinə görə onların 25 il bundan əvvəl qətlə yetirildiyi məlum olub. 23 fevraldan 4 marta qədər Xocalıda aşkar edilmiş kütləvi məzarlıqda istintaq işləri aparılıb.
 
Xatırladaq ki, Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
 
Məhkəmə-genetik ekspertizasına əsasən daha əvvəl aşağıdakı 8 nəfərin şəxsiyyəti müəyyən edilmişdi:
 
Xocalı rayon sakinləri:
 
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
 
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
 
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
 
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
 
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
 
Xankəndi şəhər sakinləri:
 
6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
 
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
 
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

Baxış sayı: 5214 | Tarix: 18.03.2024
Bizi Telegramda izləyin: @repostaz