Bakıda "Bravo" hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Gülayə Paşayeva təqsirləndirilən şəxslər - Ruhlan İsmayılov və İbrahim İbrahimovun qaldığı evin sahibi olduğunu deyib: "Burda olanlardan sadəcə, İbrahimi tanıyıram. Ruhlanla İbrahim mənim evimdə kirayədə qalıblar. Pis uşaqlar kimi tanımamışam. Evə təmiz baxırdılar. Son 1 ay evə getmədim. Evə çox adam gəlib-getmirdi. Hadisə günü polislər evə gəldi. Onda hadisənin olduğunu bildim. Dedilər Ruhlan ölüb, İbrahim evdədir. Qapını döydük açmadı. Pəncərəni qırıb girdilər içəri". Şahid kimi tanınan Rüfət Salayev də ifadə verib: "Özüm tokaram. Mənə dedilər ki, motosikletin motoru xarab olub, ona dəmir lazımdır. Hadisədən xəbərim olmayıb. Məni aldadıb silaha dəmir düzəltdiriblər".
Təqsirləndirilən Azər Məmmədovun atası məhkəmədə ifadə vermək istəməyib. Onun istintaqa verdiyi ifadə səsləndirilib. "Azər Qəbələdən Bakıya işləməyə gəlib. Fəhlə kimi işləyirdi. Ruhi əsəb xəstəsi kimi qeydiyyatdadır. Sonra qardaşı əsgərlikdən gəldikdən sonra ikisi birlikdə motosiklet düzəltmə sexi açdılar. Azər bir müddət sonra özünə BMW X5 markalı maşın aldı. Onunla rayona gəlmişdi. Azərin dostları barədə məlumatım olmayıb, onları tanımamışam. Məlum hadisə barəsində televizordan öyrənmişəm". Şahid qismində ifadə verən Rüfət Əliyev dərman şirkətində sürücü işlədiyini bildirib: “Sürdüyüm maşının motoru xarab olmuşdu. Aparıb ustaya verdim. Hardasa fevral ayı idi. Maşın ustada olanda motoru söküb, özünü də dayanacağa qoyublar. Maşın dayanacaqda olanda onun nömrələri oğurlanıb. Ezamiyyətdə olanda şirkətdən zəng edib məni çağırdılar. Sonra polis idarəsinə getdik".
Şahid ifafələrinin verilməsi növbəti prosesdə də davam etdiriləcək.
Növbəti məhkəmə prosesi aprelin 3-nə təyin olunub.
Xatırladaq ki, hadisə ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.
Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.