"Azərbaycanda online alış-veriş edirsinizsə, heç vaxt öncədən ödəniş etməyin. Məhsulu əldə etdikdən sonra yoxlayın, sonra ödəniş edin. Çünki bizim iş adamları ticarətlə deyil, alverlə məşğul olurlar və yeganə məqsədləri zay məhsulları soxuşdurub pul qazanmaqdır. İndi sizə bunu faktlarla və müqayisəli şəkildə izah edəcəm".
 
RePost.Az xəbər verir ki, bu sözləri sosial media hesabında tanınmış jurnalist Zülfüqar Xeyirxəbər yazıb.
 
O bildirib ki, ötən həftə "Trendyol"dan smart saat sifariş verib:
 
"Məhsul xarab gəldi. Həm "Trendyol"a müraciət etdim, həm satıcıya. Hər ikisi üzrxahlıq edib dəymiş zərəri qarşılayacaqlarını bildirdilər və dərhal da geri ödəniş etdilər. Bu türklərin ticarət mədəniyyəti. 
 
İndi keçək bizimkilərə. Həftənin 5-ci günü "Umico"dan avtomobil tozsoranı sifariş verdim. Məhsul bu gün gəldi. Kuryer uzaqlaşmamış məhsulu açıb yoxladım, həm xarici zədə vardı, gövdəsi sınıq idi, həm də işləmirdi. Kuryerə bildirdim ki, məhsuldan imtina edirəm. Dirəşib ki, yox eyy, biz bunu qəbul edə bilmərik, sən satıcıya zəng elə. Satıcıya zəng edirəm (4Connection.4Baglanti), deyir "bizlik deyil, biz satılan məhsulu qaytarmırıq. Biz məhsulu salamat vermişik, UMİCO sındırıb". Tipik alverçi xisləti... 
 
UMİCO-ya zəng edib vəziyyəti izah edirəm, bildirirəm ki, məhsulu qəbul etmirəm, sifarişi ləğv edin və ödənişimi qaytarın. Anlayışla qarşıladılar, sifarişi ləğv etdilər və bildirdilər ki, yarım saat ərzində ödənişiniz kartınıza qaytarılacaq. Bura qədər əla, amma 3 saatdan çox vaxt keçib, ödənişi qaytarmaq əvəzinə, həmin məhsula görə ikinci dəfə kartımdan 56.12 AZN pul çıxdılar. Ümumilikdə 112,24 AZN. Əvəzində isə sistemə 3 manatlıq çek yerləşdiriblər".
 
Jurnalst yazır ki, yenidən UMİCO-ya  müraciət edib: "Dəstəyi götürən xanım deyir, hər iki ödənişiniz qaytarılacaq. Deyirəm bunu başa düşdüm, gec-tez qaytaracaqsız, amma mənə izah edin görüm ləğv edilmiş məhsulun pulunu qaytarmaq əvəzinə, niyə ikinci dəfə kartdan vəsait çıxırsız?! İzah edə bilmir, sadəcə deyir ki, yarım saat ərzində kartınıza geri qaytarılacaq. Həmin yarım saatdan da 2 saat keçib, heç bir dəyişiklik yoxdur.
 
Qeyd edim ki, bir ilə yaxındır UMİCO-nun müştərisiyəm, heç vaxt belə hal ilə üzləşməmişəm. Ümid edirəm ki, online mağazanın  rəhbərliyi müştəri yığdıqdan sonra tipik alverçi prinsipinə keçməyib".
 
Z.Xeyirxəbər daha sonra xəbərdarlıq edib: "Ayrıca olaraq, "Umico"ya da məsləhətim odur ki, dələduzlarla və alverçilərilə partnyorluq etməyin! Xüsusilə də 4connectionla. Onlarla bağlı bəzi araşdırma apardım. Aldığım məlumata görə, bunlar işlərini Azərbaycan qanunverciliyi ilə deyil, şəriət qaydaları ilə idarə edirlər. Yəqin ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi  Təbriz küçəsi-2 ünvanında yerləşən həmin mağaza ilə bağlı müəyyən yoxlamalar aparıb ölçü götürəcək. Mən belə başa düşdüm ki, 4connection məhsulun qiyməti haqqında UMİCO-ya heç bir çek təqdim etməyib. Yoxsa nəyə görə UMİCO sadəcə sistemə məhsulun deyil, xidmət haqqının çekini yerləşdirir? Yəni bildiyin vergidən yayınma.
 
Vergilər Nazirliyi həmin mağazaya baş çəksə yəqin daha çox faktlar aşkar olunar".
 
İddialarla bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

Baxış sayı: 7437 | Tarix: 31.03.2024
Bizi Telegramda izləyin: @repostaz