Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
 
Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Arifə Musayevanın ev dustaqlığında olduğu halda əvvəlki iclasa gəlmədiyi məsələsi müzakirə edilib. Məhkəmə A.Musayeva haqqında qərardad qəbul edərək barəsində həbs qətimkan tədbiri seçib. Qadın məhkəmə zalından həbs edilib.
 
İş üzrə məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib.
 
İttihama görə, adı çəkilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıdakı kafeyə cəlb edərək onları külli miqdarda hesab ödəməyə məcbur ediblər.
 
Vətəndaşların müraciətlərindən sonra Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.
 
RePost.Az

Baxış sayı: 5423 | Tarix: 11.04.2017
Bizi Telegramda izləyin: @repostaz