“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Xocavənd rayonuna səfəri başlayıb.
 
Bu barədə APA-nın Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir.
 
Onlar kəşfiyyatçıların şəhidlik zirvəsinə yüksəldiyi Xocavənd rayonundakı əraziyə gediblər.
 
Şəhid Nizami Ələkbərovun bacısı Mətanət Əsədova bildirib ki, Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin:
 
“Şəhid analarının qarşısında baş əyirəm. Qardaşım əsgər gedəndə dedi ki, torpaqlarımız tapdaq altındadır, gedib xilas etməliyik. Yeddi nəfər birdən şəhid olub”.
 
Daha sonra şəhid ailələrinin Şuşa və Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.
 
Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun 2 kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq, döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb.
 
Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib. Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb, düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.
 
Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov olublar. Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da 2 illik əsirlik həyatından xilas edib.

Baxış sayı: 6677 | Tarix: 12.04.2024
Bizi Telegramda izləyin: @repostaz