Türkiyə hərbi sənayesinin uğurları Qərbdə də, Şərqdə də ciddi müzakirələrə səbəb olub. Bu barədə beynəlxalq statistik məlumatlara istinadən iki hissədən ibarət məqalə də yazmışdım. Bu uğurlar o həddədir ki, bunu kimsə, hətta Türkiyənin yağı düşmənləri belə etiraf edirlər. Elə bugünlərdə İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxsləri daşıyan helikopter qəzaya uğradı. Türkiyədən idarə olunan “Akıncı” PUA-sı son dərəcə əlverişsiz hava şəraitinə baxmayaraq qəzanın yerini müəyyənləşdirdi. Bu xəbər anındaca bütün dünyanı dolaşdı və Türkiyənin texnoloji səviyyəsinin hansı yüksəklikdə qərar tutduğunu bir daha ortaya qoydu. Qəza onu da sübut etdi ki, İran, bütövlükdə isə İslam dünyası çağdaş dünyanın modern texnologiyasından ciddi şəkildə geridə qalıb. Süni intellekt sahəsində böyük uğurlar əldə etmiş çağdaş ölkələr vaxtında zamanın çağırışına cavab verə bilib. İslam dünyası isə bu çağırışa hələ ki adekvat reaksiya vermək gücündə deyil.
 
Bu olay İranın beynəlxalq imicinə ciddi zərbə vurdu. Prezidenti 40-50 il bundan öncə Amerikada istehsal olunan helikopterdən istifadə edən ölkənin bu aparatı müasir texnologiya ilə təchiz edə bilməməsi çoxlarının təəccübünə səbəb oldu. Bunun fərqində olan İran “İRNA” agentliyinin xəbərini təkzib edərək bəyan etdi ki, qəza yerini “Akınçı” yox, İran mütəxəssisləri müəyyən edib.
 
Əlbəttə, bu, cığalıqdan başqa bir şey deyil. Ancaq İran öz imicini qorumaq üçün bundan daha ağıllı bir şey düşünə bilmədi...
 
Türkiyənin texniki inkişafı ilə bağlı məni düşündürən bir məqam var. Bəllidir ki, Azərbaycan bir çox layihələrdə, məsələn, qırıcı təyyarə kimi böyük perspektivi olan “Kaan”la bağlı Türkiyə ilə birlikdə çalışır. Bu, çox gözəldir, alqışa layiqdir. Ancaq düşünürəm ki, bu azdır, Azərbaycan hərbi sənayenin gəlişməsi üçün Türkiyə ilə ortaq fəaliyyətini daha da dərinləşdirməlidir. Sirr deyil ki, NATO-da Türkiyə ilə çiyin-çiyinə dayanan Qərb qardaş ölkəyə ultra-müasir silahlarını satmaqdan müxtəlif bəhanələrlə imtina edir. Azərbaycana da bu kimi silahlara çıxış əldə etmək son dərəcə çətindir.
 
Yalnız İsrailin səxavətlə verdiyi hərbi dəstək Azərbaycanın bu sahədə olan ehtiyacının böyük bir hissəsini ödəyir...
 
Mənim fikrimcə, Türkiyə ilə Azərbaycanın hərbi sənayedə gördüyü müştərək layihələrin sayını və sanbalını mümkün qədər artırmalıdır. Bu işə digər türk dövlətlərini də cəlb etmək lazımdır. Məsələn, Qazaxıstan, Özbəkistan və Türkmənistan bu baxımdan böyük potensiala malikdir. Qırğızıstan kasıb ölkədir. Ancaq adını çəkdiyim trio kifayət qədər ciddi maliyyə qaynaqlarına sahibdir. Ancaq onlara da ultra-müasir silahlar satan yoxdur. Heç olmayacaq da. Həmin maliyyə qaynaqlarını ümumtürk hərbi sənayesinin inkişafına yönəltmək olar. Təbii ki, nəticədə ortaya çıxan silahlardan öncə türk dövlətləri yararlanmalıdır. Orta Asiyadakı türk dövlətləri Rusiya və Çinin basqısı altındadır. Bu basqı gələcəkdə daha da güclənə bilər. Ona görə də qeyd etdiyim trio bu kimi meqa-layihələrə ciddi maraq göstərəcək. Sadəcə bu işi təşkil etmək lazımdır. Düşünürəm ki, bu işi görmək üçün rəsmi Bakı və ya Ankara təşəbbüsü ələ ala bilər.
 
Türk Dövlətləri arasında olan qarşılıqlı inam və etibar bu kimi planların həyata keçməsinə münbit şərait yaradıb. Bu imkandan sonuna qədər yararlansaq, yaxşıdır...
 
Bu arada Azərbaycanın təşəbbüsü ilə türk dövlətlərində istehsal olunan malların üzərində “Made in Turan” yazılması təşəbbüsü və bu təşəbbüsün müsbət qarşılanması gələcəyə nikbin baxmaq üçün ciddi əsaslar verir.
 
2021-ci ildən etibarən Azərbaycanda keçirilən aerokosmik və texnologiya festivalı-Texnofest Azərbaycan xalqı, xüsusən gənclər tərəfindən ciddi maraq və rəğbətlə qarşılandı. Gənclərin elmi-texniki sahəyə marağını stimullaşdırmaq üçün texniki yeniliklərə marağı və yetənəyi olan uşaqlar üçün xüsusi məktəblər təsis etmək gərəkir. Bütün türk və müsəlman xalqlarının uşaqları həmin məktəblərdə (tutaq ki, 2 bu tip məktəb yaratmaq olar. Biri Türkiyədə, digəri isə Qazaxıstanda və ya Özbəkistanda) birgə təhsil ala bilərlər. Bu kimi hazırlıqlı gənclərin istehsal sahələrinə gəlişi türk xalqlarının iqtisadiyyatında inqilabi dəyişikliklər yaratmaq gücündədir.
 
Bir misal deyim. Azərbaycan II Qarabağ Müharibəsinə başlamamışdan öncə ciddi silah arsenalı yaratdı. Dronlara üstünlük verməklə ciddi üstünlük əldə etdi. Sonra həmin silahlardan peşəkar səviyyədə istifadə edə bilən hərbi mütəxəssislər yetişdirdi. Bunlar bir-birinə bağlı və bir-birinə ciddi təsir edən komponentlərdir. Eləcə də gənc və hazırlıqlı elmi-texniki sahə üzrə, yəni texnopark təfəkkürlü yanaşma ilə Türk Dünyası-üçüncü dünya adlı bataqlıqdan birdəfəlik qurtula bilər.
 
Türk Dünyasının gələcəyi elm və mədəniyyətdən, zamanı qabaqlamaq fəhmindən keçir...
 
Əlbəttə, vurğuladığım bu plan türk dövlətlərinin ortaq layihəsi kimi ortaya çıxmalıdır. Ancaq bu layihəni İslam Dünyası səviyyəsində də həyata keçirmək olar. Bəzi varlı körfəz ölkələri Türkiyənin hərbi sənayesinə kifayət qədər ciddi maliyyə dəstəyi verir. Təbii ki, onlar biznes maraqlarından dolayı, yəni para qazanmaq üçün bu işə ilgi göstərirlər. Şübhəsiz ki, bu layihəni İslam Dünyası səviyyəsində həyata keçirmək daha effektli olardı. Təəssüf ki, islam dünyasında olan bəlli siyasi ziddiyyətlər bu planın həyata keçməsinə əngəl ola bilər. Ancaq bu heç də o demək deyil ki, buna cəhd göstərmək lazım deyil. Əksinə, buna ən yüksək tribunalardan çağırış etməkdə fayda var. Özü də islam dövlətləri yalnız hərbi sahədə yox, həm də sənayenin digər sahələrdə müştərək şəkildə böyük işlər görə bilərlər. Bu kimi planların həyata keçməsi İslam Dünyasını Qərb və Çinin, hətta Hindistanın asılılığından xilas edə bilər. Təəssüflə qeyd etməliyik ki, əksər islam ölkələrində istehsal sahələri yox səviyyəsindədir. İslam ölkələrində, xüsusən gənclər arasında elm və texnikaya, çağdaş texnologiyalara maraq yaratmaq hər bir ölkəyə son dərəcə perspektivli gələcək vəd edir...
 
Xatırladım ki, VIII-XIII əsrlər dünya tarixində islamın qızıl dövrü kimi xarakterizə edilir. Həmin dövrdə müsəlman alimləri möcüzələr yaradıblar, ciddi və ağlasığmaz elmi kəşflərə imza atıblar. Həmin elmi nailiyyətlərə istinad edən Avropa böyük iqtisadi, siyasi və hərbi üstünlüklər əldə edib...
 
Biz türk və müsəlman olaraq hazırkı durumu kökündən dəyişməliyik. Çünki mövcud durum bizim potensialımıza adekvat sayıla bilməz. İslam Dünyası az qala 500 ildir ki, Qərbin dalınca sürünür. Qərbin elmi-texniki məkandakı dominant üstünlüyünə son qoymaq üçün hərəkətə keçmək zamanıdır. Bizim itirəsi, boş yerə xərcləyəsi vaxtımız qalmayıb. Cənablar, biz süni intellektin möcüzələr yaratdığı bir dönəmdə yaşayırıq...
 
Heç də təsadüfi deyil ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi hələ XII əsrdə belə demişdi:
 
Tarixdən bəllidir ki, Pakistan 1998-ci ildə nüvə silahına sahib oldu. Pakistan bu uğura təkbaşına imza atdı. Qonşu Hindistan daha tez-1974-cü ildə atom silahı əldə etmişdi və Kəşmirdən dolayı Pakistanı nüvə silahı ilə təhdid edirdi. Pakistan nüvə silahı əldə etməsəydi proses elə bu minvalla gedəcəkdi...
 
Diqqət edin, ac-yalavac Pakistan təkbaşına uzaq 1998-ci ildə bu qədər böyük bir uğur qazandı. Şübhəsiz ki, İslam Dünyası əl-ələ versə, dünyanı heyrətdə qoya biləcək daha böyük nailiyyətlərə imza atacaq.
 
Tarixdən bəllidir ki, əsirlər boyu Türkiyə (Osmanlı imperiyası) İslam Dünyasında dominant ölkə olub. Bu gün də Türkiyə öndə gedir. Və Türkiyə öncə Türk Dünyasını, paralel olaraq isə İslam Dünyasını layiq olduğu ucalığa daşıya bilər. Bunun üçün onun elmi potensialı, təcrübəli mütəxəssisləri və ən önəmlisi isə iradəsi var. Bu, Türkiyənin tarix qarşısında ən böyük missiyasıdır. Bunun üçün isə məqsədyönlü şəkildə Türkiyə iqtisadiyyatının inkişafına can atmaq, bu inkişafa sözdə yox, əməldə dəstək vermək lazımdır. Xüsusən Türkiyənin hərbi sənayesi diqqət mərkəzində dayanmalıdır. Zatən proseslər elə ona doğru gedir də.
 
Sadəcə biz bu prosesi daha da sürətləndirməkdə fayda var...
 
Elbəyi HƏSƏNLİ, SÜRİX

Baxış sayı: 5233 | Tarix: 23.05.2024
Bizi Telegramda izləyin: @repostaz