Ümid Partiyasının sədri İqbal Ağazadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
 
Bu barədə APA-ya açıqlamasında İqbal Ağazadə özü bildirib.
 
O deyib ki, rəhbərlik etdiyi partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməyib: “Ümid Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək 30 nəfərdən yuxarı namizədi sənədlərini müvafiq qaydada dairə seçki komissiyalarına təqdim edib.
 
Mənə gəlincə, Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.
 
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da APA-ya açıqlamasında növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib.
 
O bildirib ki, partiya tərəfindən müxtəlif dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü bəyənilib: “Seçkidə iştirak etmək üçün Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin siyahısı artıq hazırdır. Onu da bildirmək istəyirəm ki, mən bu dəfəki seçkidə iştirak etməyəcəyəm. Lakin hazırkı deputat yoldaşlarımızdan Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi partiya tərəfindən yenidən irəli sürülüb. Dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü dəstəklənib. Onların arasından Milli Məclis üzvlüyünə namizəd qismində müəyyənləşdiriləcək şəxslərin yekun siyahısı müəyyənləşdirildikdən sonra bu ayın sonunda müvafiq qaydada təqdim ediləcək”.
 
Qeyd edək ki, Sabir Rüstəmxanlının ötən çağırış deputat olduğu dairədən onun həyat yoldaşı Tənzilə Rüstəmxanlı namizəd olacağını açıqlayıb.

Baxış sayı: 5157 | Tarix: 17.07.2024
Bizi Telegramda izləyin: @repostaz