“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.
 
Aparılan işlər çərçivəsində ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması işləri görülüb. Daha sonra ərazidə yararsız qrunt qazılaraq çıxarılıb, kommunikasiya xətləri köçürülüb, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilib.
 
Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yolun və əsas yola birləşən giriş-çıxış yollarının tikintisi üçün yol əsasının inşası da yekunlaşdırılaraq asfaltlanma işləri yerinə yetirilib.
 
Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Belə ki, layihə boyu yeni piyada səkilərinin tikintisi icra olunub. Hazırda piyada səkilərinin və yolun hərəkət hissəsinin kənarlarına yeni səki daşlarının düzlüməsi, səkilərin tamet daşlarla örtülməsi işləri də aparılır.
 
Bundan başqa layihəyə uyğun olaraq ayrıcı zolaqlarda və yol kənarlarında əlavə abadlaşdırma işləri görülür, münbit torpaq qatı verilərək yeni yaşıllıq ərazilər salınır.
 
İşlərinin tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə yerinə yetirilib yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
 
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdir.
 
Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdir.

Baxış sayı: 6810 | Tarix: 31.07.2024
Bizi Telegramda izləyin: @repostaz