Qarabağ Universitetinə ayrılan 1120 plan yeri tam dolub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev öz sosial hesabında yazıb.
"2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir", - nazir bildirib.
Bu il ilk dəfə Qarabağ Univrsiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.
Qarabağ Universitetində təhsil iki dildə aparılacaq.
Bir necə gün öncə Qarabağ Univrsitetinin rektoru bildirib ki, sentyabrdan etibarən 1120 tələbənin bu universitetdə təhsil almaq imkanı olacaq.
Bundan əvvəl elm və təhsil naziri Qarabağ Universitetinin yeni görüntülərini paylaşaraq bildirib ki, Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək.
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb.
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur.