Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir.

RePost.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində deyilir:

"Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir".

Dövlət başçısının müraciətində qeyd olunub ki, münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır.

"Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilib", - müraciətdə deyilir.

Prezident qeyd edib ki, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər.

Dövlət başçısı bildirib ki, buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.

Prezident vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib:

"Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır".


Baxış sayı: 4777 | Tarix: 02.10.2024
Bizi Telegramda izləyin: @repostaz