Məni tanıyanlar bilir, eşitdiyimi yox, gördüyümü, düzü düz, əyrini əyri yazıram. Ona görə də çoxunun məndən xoşu gəlmir. Amma mənim onlardan xoşum gəlir)). Məktəblərimizdə çox şey var, amma ən az olanı təhsildir. Bununla belə Elm və Təhsil naziri Emin Əmrullayevin bəzi təyinatlarını görəndə, mənə elə gəlir ki, nazir işləmək istəyir, dönüş yaratmaq istəyir, amma...
 
Amma məktəblərə ticarət obyekti kimi baxanlar imkan versə... 
 
Nə isə, keçək əsəs mətləbə. 
 
Yaxşı bir atalar sözümüz var: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Son araşdırmalarım və müşahidələrimdən belə başa düşürəm ki, Emin Əmrullayev bu prinsiplə işləmək istəyir. 
 
Məsələn, nazirin ötən il bir təyinatı olub. Jurnalistlərin əksəriyyətinin yaxşı tanıdığı, dostumuz, şahmat üzrə Avropa və Dünya Çempionu Pərvanə İsmayılovanı Qax rayon Uşaq Gənclər İdman Şahmat məktəbinə direktor təyin edib. Bu təyinata qədər həmin məktəbin sadəcə adı vardı. Nəyə görə deyirəm adı vardı!? Çünki son 10 ildə həmin məktəbin heç bir nəailiyyəti olmamışdı. O zamankı rəhbərliklə bir neçə dəfə səmimi söhbətimiz olmuşdu. Həmişə deyirdi ki, “məndən nəailiyyət istəyən var ki, verim də. Rayon Təhsil Şöbəsinin istəyi başqa şeylərdir”. İndi Allaha şükür, nə rayon təhsil şöbələri var, nə köhnə qaydalarla işləyən rəhbərlik. Nazirin doğru təyinatı, işi peşəkarlara həvalə etməsi də bəhrəsini verir. Son 10 ildə Qaxda idmanın digər sahələrini qoyuram bir kənara, şahmat ənənəsi olan rayonda bir nəfər belə olsun yetişməyib (Kimsə Xanım Balacayevanın adını çəksə, məlumu olsun ki, Xanım qaxlı olsa da, Bakı 3 nömrəli şahmat məktəbinin yetriməsidir).
 
Səbəbləri isə bəllidir. Ən başlıca səbəb insanların yerinin səhv düşməsi və təhsil müəssisələrinə obyekt, şagirdlərə isə gəlir mənbəyi kimi baxanlar olub. Məncə, Emin Əmrullayevin yeni təyinatı Qaxda tilsimi sındırıb. Ötən ilki zona yarışlarında həmin məktəbdən Respublika Çempionatına 3 nəfər, bu il isə 8 nəfər vəsiqə qazanıb. 
 
6 yaşadək oğlanlar arasında
Mahmudzadə Məsud 1-ci yer
 
8 yaşadək qızlar arasında 
Eminova Xədicə 1-ci yer

8 yaşadək oğlanlar arasında 
Əliyev Şirəli 3-cü yer

8 yaşadək qızlar arasında 
Sukaşvili Anamariya 3-cü yer

10 yaşadək qızlar arasında
Babayeva Sevil 2-ci yer

10 yaşadək oğlanlar arasında
Əliyev Fateh 3-cü yer

12 yaşadək qızlar arasında
Yusifli Fidan 3-cü yer

12 yaşadək oğlanlar arasında 
İbrahimli Mehdi 3-cü yer
 
Qaliblərimizi və məşqçilərini təbrik edirəm. İndi isə bu uşaqların daha yüksək nailiyyətlər əldə etməsi bir başa Emin Əmrullayevdən asılıdır. Bu şagirdlərin adlarını ona görə qeyd edirəm ki, nazir bu balaca fidanları təqib etsin. Mən şəxsən təqib edəcəm. Bunların hər birini dekabrda Bakıda keçiriləcək Respublika Çempionatında axtaracam. Qax kasıb rayondur, əminəm ki, həmin şagirdlər çempionata gələ biləcək və Azərbaycan Bayrağını Avropaya və Dünyaya daşıyacaqlar. 
 
Zülfüqar Xeyirxəbər
 

Baxış sayı: 11009 | Tarix: 22.10.2024
Bizi Telegramda izləyin: @repostaz