ARB TV-də Elgiz Əkbərin təqdimatında yayımlanan "Elin gözü" verilişində gərgin anlar yaşanıb.
 
RePost.Az xəbər verir ki, verilişin budəfəki buraxılışında ailədaxili problemlər, çoxuşaqlı ailələrin yaşadığı çətinliklər müzakirə olunub. Verilişdə iştirak edən məşhurlar arasındakı müzakirələr zaman-zaman mübahisələrə səbəb olub. Müzakirələr zamanı müğənni Elnarə Xəlilova ilə yazıçı-jurnalist Aysel Əlizadə arasında yaranan gərginlik də diqqətdən yayınmayıb. 
 
Yazıçı-jurnalist Aysel Əlizadə verilişə qatılan ailənin vəziyyəti haqda bunları söyləyib: "Bir az ayrı qalmalıdırlar. Bəlkə, 5-10 gün sonra oğlan özü sakitləşəcək. Zamanla düşünəcək, doğru qərarı verəcək. Oğlanı psixoloqa apara bilərik. Hərə öz səhvini görər. Ailədə hər cür söz-söhbət olur. Təhqiri, zorakılığı bağışlamaq olmaz. Adam istəmirsə, onları barışdırmaq olmaz. 4 qızın xətrinə o ailə dağılmalıdır. Çünki uşaqlar normal ailədə böyüməlidir. Sağlam valideyn tərbiyə etməlidir. Elə adam var ki, ona nə eləsən qabında o var".
 
Elnarə Xəlilova isə ailəni bir arada tutmağın vacibliyindən danışıb: "Ailə dağıtmaq 1 saniyədə belə olar, amma qurmağa çox zaman lazımdır. Əlimizdə olanların dəyərini bilmirik. Hər zaman xanımlara dəstək olmuşam. Elə situasiya olur ki, ər içir gəlir evə, pul qazanmır, döyür, söyür. Mən belə hallarda qadına haqq verirəm, buna dözmək olmaz. Mən öz rəfiqəmə "boşan" sözünü demiş, məsləhət vermiş adamam. Onu boşatdırmışam, ona "bu adamdan sənə ər olmaz" demişəm, 7 illik ailə dağılıb. İndiki situasiyada görürəm ki, məsələni burada həll etmək olar. Məqsədimiz odur ki, bu ailə dağılmasın. Mən də anayam, mənim də 4 övladım var. Mənim də yoldaşımın işdən əsəbi, ac gəldiyi, əlinin gətirmədiyi vaxtlar olur. Hər xırda şey olanda durub ailəmi dağıtmalıyam? Mən özümü elə aparmaram ki, o məni təhqir etsin. Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir.  Mən ailə dağıtmağın tərəfdarı deyiləm. Bu mənim mövqeyimdir. Heç olmasa o uşaqların xatirinə nəsə etmək olar". 
 
Aysel Əlizadə Elnarə Xəlilovanın söylədiyi fikirlərə etiraz edib: "Elnarə xanım, siz sənətçisiniz, sizin ruhunuz daha azad olmalıdır. Bir insan xoşbəxt olmadığı yerdə niyə qalmalıdır? Elə qadınlar var ki, övladını atalı-analı uşaqlardan daha tərbiyəli böyüdür. Mənim nənəm 3 qız böyütmüşdü, 3-ü də bir-birindən savadlı, ağıllı". 
 
Həmin görüntüləri sizə təqdim edirik:
 
RePost.Az


Baxış sayı: 4150 | Tarix: 20.04.2017
Bizi Telegramda izləyin: @repostaz