Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində vəkili ilə görüşüb.
 
RePost.Az Trend-ə istinadən bildirir ki, bu barədə vəkil Afət Qazıyeva məlumat verib. Vəkil bildirib ki, görüş zamanı müvəkkilinin səhhəti və saxlanma şəraiti ilə maraqlanıb: "Özünü normal hiss edir, müalicələri müsbət nəticə verib. Saxlanma şəraitindən şikayəti yoxdur. Hazırda müalicəsi həkim nəzarətində davam etdirilir. Hələlik onun müalicə müəssisəsindən köçürüləcəyi ilə bağlı dəqiq məlumat yoxdur".
 
H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.
 
Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.
 
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.
 
2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.
 
RePost.Az

Baxış sayı: 4245 | Tarix: 20.04.2017
Bizi Telegramda izləyin: @repostaz