Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Ermənistan son açıq qalan iki maddəni qəbul etdiyini Azərbaycana çatdırıb: “Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.
Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı.
Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.