2017-ci ildə Azərbaycan tam üzən məzənnə rejiminə keçəcək.
 
RePost.az-ın  Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
 
Qeyd olunur ki, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycanın xarici və daxili iqtisadi balansına neqativ təsirlərini minimuma endirmək, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, həmçinin ölkənin malik olduğu xarici valyuta ehtiyatlarının bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən-tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb. Tam üzən məzənnə rejiminin tətbiqinə nail olmaq üçün ilk növbədə yaxın və ortamüddətli dövrdə hazırda tətbiq edilən üzən-tənzimlənən məzənnə rejiminin məzmununun bir daha dəqiqləşdirilməsi vacibdir.
 
Strateji yol xəritəsində bildirilir ki, tam üzən məzənnə rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər. Məhz istehlak səbətində idxal məhsullarının 69 payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilməsi, ortamüddətli dövrdə isə tamamilə ləğv edilməsi üzən rejimə səmərəli keçidi təmin edəcək. Üzən məzənnə rejiminə keçidin şərtlərindən biri də daxili maliyyə bazarının inkişafına, bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim edilməsinə nail olmaqdır. Bundan əlavə, Mərkəzi Bankın valyuta bazarına müdaxilə strategiyasının hazırlanması və onun maliyyə bazarı iştirakçılarına səmərəli şəkildə kommunikasiya edilməsinin təmin olunması istiqamətində tədbirlər nəzərdən keçiriləcək.
 
Tam üzən məzənnə rejiminə keçid Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təmin ediləcək.
 
RePost.az
 

Baxış sayı: 3200 | Tarix: 09.12.2016
Bizi Telegramda izləyin: @repostaz