Valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında "Valyuta tənzimi haqqında" qanunun müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Onun sözlərinə görə, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. "Azərbaycanda valyutadəyişmə məntəqələri vaxtilə fəaliyyət göstərərkən tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi. O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdi. Müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan layihə qəbul olunarsa, nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək”, - deyə Z.Səmədzadə vurğulayıb.
Z.Səmədzadə qeyd edib ki, lisenziyalar təkcə poçtlara deyil, eyni zamanda banklara, rezident və qeyri-rezidentlərə vətəndaşlara veriləcək. Valyutadəyişmə məntəqəsi üçün lisenziya almaq üçün girov tələb ediləcək.
Millət vəkili Vahid Əhmədovun təklifi ilə valyutadəyişmə məntəqəsini açmaq istəyən şəxslərdən əlavə 50 min dollar və 50 min manat məbləğində kapital qoyuluşu həyata keçirmək tələbi ləğv olunub.
Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması turist və vətəndaşlar arasında narahatlıqlara səbəb olub və müəyyən çətinliklər yaradıb. Q. Həsənquliyev valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasını və vətəndaşların bu hüquqlardan yararlanmasına şəraitin yaradılmasını müsbət qiymətləndirib. Bununla belə, o, qanunda lisenziyaların alınması ilə bağlı bəzi məqamlarla razılaşmadığını vurğulayıb: “Qanunun 13-1-ci maddəsinə əsasən, lisenziyanın verilməsi üçün fiziki şəxslərdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması ilə bağlı şəhadətnamənin surəti tələb olunur. Bəlkə həmin şəxsə lisenziya verilməyəcək. Niyə bu halda o gedib vergi orqanında qeydiyyatda durmalıdır? Bu məsələyə bir aydınlıq gətirilməsini istəyərdim. Bundan başqa, ərizədə qeyd olunan obyektlərinin hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən notarial qaydada təsdiq olunmuş sürəti tələb olunur. Əgər bu lisenziya ala bilməyəcəksə, valyutadəyişmə məntəqəsi kimi obyekti olmayan şəxslər niyə gedib kimlə isə müqavilə bağlayıb, pul ödəməlidir? Bunların tələb olunması doğru deyil”.
Müzakirələrdə çıxış edən millət vəkili Vahid Əhmədov valyutadəyişmə məntəqəsinin fəaliyyəti üçün girov tələb edilməsinin əleyhinə olduğunu qeyd edib. Millət vəkili bildirib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya almalıdır: “Belə olan halda bəs girov məsələsi niyə lazımdır? Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz “Nağd hesablaşmalar haqqında” qanunu dəyişdirdik. Amma bu, real iqtisadiyyatda çətinlik yaradır. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən ümumiyyətlə bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət İslahatlar Şurası yaradılsın. Çünki, qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik. Bütün bunlarla bağlı müzakirələrə ehtiyac var”.
Milli Məclisin deputatı Siyavuş Novruzov isə ölkəmizdə əvvəl mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib: “Azərbaycanda 1 ilə yaxındır valyutadəyişmə məntəqələrinin ləğvi nəticəsində "qara bazar"da vətəndaşlarımızın aldadılması, valyutaların yüksək qeyri-real məzənnə ilə dəyişdirilməsi məsələləri gündəmdə idi və vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik. Axı bizdə valyutadəyişmə məntəqələri var idi. Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib, problem həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa, o zaman bununla bağlı təqdimat verilsin".
Ölkəmizdə 1 il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırıldığını deyən deputat əlavə edib ki, bunun nəticəsində çoxlu sayda insanlar işsiz qaldı, pullar isə "qara bazar"da dövr etdi: "Bundan əvvəl valyutadəyişmə məntəqələrinin yerləri vardı və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımız istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Hesab edirəm ki, bu məntəqələr yenidən bərpa edildikdə bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki onların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə olur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur".
S. Novruzov bildirib ki, valyutadəyişmə məntəqələri depozit qoymamalıdırlar: "Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklarda ona görə nizamnamə kapitalı qoyur ki, sabah depoziti qaytarıla bilməzsə bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarına dövlət özü qarantiya verir. Çünki onları elə sistem əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyur, müdafiə edir".
Millət vəkili Zahid Oruc valyutadəyişmə məntəqələrinin gəlir və xərcləri ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabat verilməsinin əleyhinə olduğunu deyib: "Əgər valyutadəyişmə məntəqələri vergi orqanında qeydiyyata duracaqsa və Vergilər Nazirliyinə gəlir və xərclərlə bağlı məlumatlar veriləcəksə, Palataya bu məlumatlar niyə lazımdır. Təbii ki, statistikanın formalaşdırılması üçün Palataya valyuta alqı-satqısı ilə bağlı məlumatlar təqdim etmək olar. Amma gəlir və xərclərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına niyə məlumat təqdim edilməlidir?"
Deputat Yevda Abramov vaxtilə valyutadəyişmə məntəqələrinin ləğv edilməsinin əleyhinə olduğunu qeyd edib: "Valyutadəyişmə məntəqələri bağlanandan sonra həmin şəxslər evlərində valyutadəyişmə ilə məşğul olmağa başladılar. Mən bu məntəqələrinin açılmasını müsbət qarşılayıram".
Qeyd edək ki, qanun layihəsinə əsasən valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.
Layihə səsə qoyularaq qəbul edilib.
RePost.Az