Tanınmış jurnalist Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrə tətbiq olunan güzəştlərin artırılmasını təklif edib. 

RePost.Az xəbər verir ki, jurnalist bu barədə öz sosal şəbəkə hesablarında məqalı paylaşıb. 

Məqalədə deyilir:

"Yol hərəkəti qaydalarına əməl etmək hər kəsin borcudur. Qaydanı pozan sürücü məsuliyyət daşımalı, cəriməsini ödəməlidir. Lakin Bakıda hərəkətin təşkilində ciddi problemlər mövcuddur. Bu səbəbdən sürücülər bəzən qaydanı pozmağa məcbur qalır, bəzən isə digər iştirakçıların davranışları onları buna vadar edir. Əlbəttə, bu hal heç bir vəchlə qayda pozuntusuna haqq qazandırmır. Amma reallıq nəzərə alınmalıdır.

Ailə büdcəsinə ağır yük

Azərbaycanda minimum əmək haqqı 400 manatdır. Belə bir şəraitdə yüksək cərimələrin tətbiqi sosial baxımdan ədalətli görünmür. Məsələn, 100 manatlıq cərimə minimum əmək haqqının dörddə birinə bərabərdir. Bu məbləğ isə minimum maaşla dolanan ailənin təxminən bir həftəlik xərcliyini təşkil edir. Bu, vətəndaş üçün həddən artıq ağır yükdür.

Dünyada güzəşt praktikası

Müqayisə üçün digər ölkələrdə tətbiq olunan güzəşt mexanizmlərinə nəzər salaq:

  • Birləşmiş Ərəb Əmirlikləri – 60 gün ərzində ödənişə 35% güzəşt

  • Səudiyyə Ərəbistanı – 50%

  • İspaniya – 50%

  • Rusiya – 50%

  • Ukrayna – 50%

  • Qazaxıstan – 50%

  • Ermənistan – 30%

  • Azərbaycan – cəmi 10%

Göründüyü kimi, əhalinin gəlirləri Azərbaycandan dəfələrlə yüksək olan ölkələrdə belə 30–50% güzəşt tətbiq edilir. Azərbaycanda isə bu göstəricinin 10% ilə məhdudlaşması, xüsusilə də aşağı gəlirli ailələrin vəziyyətini daha da ağırlaşdırır.

Millət vəkillərinin məsuliyyəti

Cərimələrin artırılmasına səs verən millət vəkilləri bu məsələni parlament müzakirəsinə çıxarmalıdırlar. Cəmiyyətin sosial vəziyyəti nəzərə alınaraq güzəşt faizləri artırılmalıdır.

Doğrudur, ölkəmizdə qaydaların çox vaxt millət vəkillərinə dəxli olmur. Amma xalqın səsini və haqqını qoruyan deputatlar da var. Cəmiyyət onlardan gözləyir ki, bu məsələyə biganə qalmayacaq və güzəşt mexanizminin təkmilləşdirilməsi üçün təşəbbüs göstərəcəklər".


Baxış sayı: 711 | Tarix: 12.09.2025
Bizi Telegramda izləyin: @repostaz