Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə "Elektron hökumət" portalında yaradılacaq "Güzəştli mənzil" elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.
MİDA-dan "APA-Economics"ə verilən məlumata görə, ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilib. Eyni zamanda, təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşların rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının "Güzəştli mənzil" sistemi ilə inteqrasiyası üçün tədbirlər görülüb.
Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdırılaraq "MİDA" MMC-nin internet səhifəsində yerləşdirilib. Sözügedən kateqoriyalarla və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az saytının ana səhifəsində müvafiq olaraq "GÜZƏŞTLİ MƏNZİLİ KİM ALA BİLƏR?" və "TƏLƏB OLUNAN SƏNƏDLƏR" keçidləri vasitəsilə tanış olmaq mümkündür.
"MİDA" MMC-nin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq.
Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat veriləcək.
RePost.Az