Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, mayın 1-dən 30-dək Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək.

Bakı Nəqliyyat Agentliyindən RePost.Az-a verilən məlumata görə, bu məqsədlə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə, daşıyıcılarla ayrıca görüşlər keçirilib.

Bakı Nəqliyyat Agentliyi akreditasiya kartı alan şəxslərə sərnişin avtobuslarına minərkən kartlarını açıq şəkildə üzərlərindən asmağı tövsiyə edir. Məlumat üçün onu da qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumları və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzi (NƏM) təşkil edilib. IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaq.


Baxış sayı: 3105 | Tarix: 01.05.2017
Bizi Telegramda izləyin: @repostaz