Ağdərə rayonunun ermənilər yaşayan Talış kəndinin ətrafındakı yüksəkliklərin Azərbaycan ordusunun əlinə keçməsindən sonra düşmən ölkədə bu kəndin faktiki itirilməsi ilə barışmaq istəmirlər.

RePost.Az Virtualaz.org -a istinadən xəbər verir ki, bu dəfə bir sıra keçmiş səhra komandirləri və erməni Qarabağ veteranları Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək onların Talış kəndində yerləşdirilməsini təmin etməyə çağırıb. Bu haqda istefada olan erməni generalı, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan bildirib.

Onun sözlərinə görə, veteranlar və bir sıra komandirlər yığışıb Talış kəndində yaşamağı və xidmət etməyi istəyir. Ancaq buna “dövlət səviyyəsində” icazə lazımdır. “Onların arasında Qarabağdan olan komandir Arkadi Karapetyan da var”-Ter-Tadevosyan deyib.

 

Bildirilir ki, bu məqsədlə Ermənistanda “Talış” ictimai birliyi də yaradılır. Tezliklə veteranlar öz müraciətlərini yayacaqlar və könüllüləri toplamağa başlayacaqlar. “Hazırda müxtəlif istiqamətlərdən könüllülər gəlir. Çoxları bura ona görə gəlir ki, Qarabağa getsinlər və orada yeni kəndlər, habelə Yeni Talış salıb yaşasınlar”-qoca “komandos” iddia edib.

Xatırladaq ki, Ermənistan hökuməti və Dağlıq Qarabağdakı qondarma rejim Talış kəndindən qaçmış erməniləri geri qaytarmaq üçün müxtəlif vədlər versələr də ermənilər ora qayıtmaqdan imtina edir. Bildirirlər ki, kənd faktiki olaraq Azərbaycan ordusunun nəzarəti altındadır və orada yaşamaq təhlükəlidir. 

Əgər erməni könüllülərinin və keçmiş səhra komandirlərinin Talışda məskunlaşmaq planı baş tutsa onlar Azərbaycan ordusu üçün mülki hədəf sayılmaycaqlar. Və Azərbaycan ordusu yüksəkliklərdəki mövqelərdən həmin silahlı muzdlulara minomyot zərbələri endirməkdə tam sərbəst olacaq.


Baxış sayı: 4473 | Tarix: 10.12.2016
Bizi Telegramda izləyin: @repostaz