Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
 
APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistan Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı olaraq çalışıb, Alghabr Mahdi Mohammad özəl şirkətdə operator olub, Alzaman Mahdi Ali isə çalışdığı özəl şirkət tərəfindən Səudiyyə Ərəbistan Krallığında DİN-ə mühafizəçi göndərilib.
 
Onlar məhkəməyə müraciət ünvanlayaraq, olduqları yerin önəmini anlamadıqlarını, öz ölkələrində xiyabanın başqa tərzdə olduğunu söyləyiblər. İttiham edilən şəxslər etdikləri hərəkətə görə Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyiblər.
 
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
 
İttihama görə, onlar qabaqcadan əlbir olan bir qrup şəxs olaraq Şəhidlər xiyabanına gəlib, zərərçəkən kimi tanınmış 3 şəhidin məzarına gələrək onların şəkillərinə qeyri-etik hərəkətlər edib, məzarların üzərindəki gülləri dağıdıblar.
 
Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.
 
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
 
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Baxış sayı: 274 | Tarix: 27.11.2025
Bizi Telegramda izləyin: @repostaz