Cinayətkar aləmdə "Pulya Nəriman” kimi tanınan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
 
RePost.Az-ın Report-a istinadən məlumatına görə, doqquz il əvvəl Lənkəranda törədilən qətl hadisəsinə görə axtarışda olan 56 yaşlı Lənkəran şəhər sakini, Fətullayev Nəriman Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Lənkəran Şəhər Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı qaçmağa cəhd edən N.Fətullayev ayağından xəsarət alıb. Qeyd edək ki, ağır cinayətlər törətdiyinə görə dəfələrlə məhkumluq həyatı yaşamış N.Fətullayev 2008-ci ildə Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axund küçəsində yerləşən və rayonda "Zərgər Şükür”ün evi adlandırılan mənzilə basqın edib.
 
N.Fətullayev basqın zamanı mərhumun oğlu, Şükürov Şahin Şükür oğlunu qətlə yetirib, onun həyat yoldaşı Əzizə Şükürovaya isə sonradan ölümlə nəticələnən ağır bədən xəsarətləri yetirib. Uzun müddət bağlı qalan bu cinayət işi müddətində N.Fətullayev başqa cinayət əməlinə - silah ticarətinə görə 4 il azadlıqdan məhrum edilib.
 
Həbsdən azad olunandan sonra Rusiya Federasiyasında yaşayan N.Fətullayev barəsində şübhələr olduğundan onun istintaqa cəlb olunması üçün barəsində axtarış elan edilib. N.Fətullayev Lənkəranda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə təhvil verilib.
 
RePost.Az

Baxış sayı: 4226 | Tarix: 01.05.2017
Bizi Telegramda izləyin: @repostaz