İllərlə zəhmət çəkirsən, bir neçə saatın içində taleyin həll olunur. Bəli, qəbul imtahanları həyatımızın əhəmiyyətli anlarındandır. Dövlət İmtahan Mərkəzi ildən ilə imtahanların daha rahat, şəffaf və ədalətli keçirilməsi üçün işlər görür.
 
ARB TV-nin "Günə doğru” proqramında məsələ ilə bağlı maraqlı reportaj yayımlanıb. Belə ki, tələbələr arasında imtahan zamanı onlara mane olan, həyəcanlandıran nəticəsinə təsir edə biləcək hadisələrin olub - olmaması ilə bağlı sorğu keçirilib.
 
Sakin: "İmtahan zamanı telefon olur. Kimdəsə "şpalqalka” olanda zəng edirlər ki, bəs bu xanımda "şpalqalka” var. Bu zaman hamımız qorxuruq ki, bəs birdən mən ola bilərəm”.
 
Sakin: "Mənim fikrimi heç kəs yayındıra bilməz. Nə qədər vaxt qoyulubsa, imtahanı verib keçmək lazımdır”.
 
Sakin: "Müəllimlərin qısa geyinməyi. Ayaqlarına "kabulok” geyinməkləri. Tak, tak, tak səslər. Ən çox bunlar mənim fikrimi yayındırdı. 600 bal yığacaq uşaq idim, gəldim 200 bal yığdım”.
 
Səbəblər müxtəlifdir. Bu məsələdə imtahan nəzarətçilərinin üzərinə böyük yük düşür. Onlar sakitliyi təmin etməli və abituriyentin bilik və bacarığını göstərməsi üçün maksimum dərəcədə yaxşı şərait yaratmalıdır. 
 
Ekspert Kamran Əsədov isə hesab edir ki, bəzən elə nəzarətçilər özü imtahan verənlərə maneçilik törədə bilər. Xüsusilə nəzarətçilərin geyim məsələlərində diqqətli olmaq lazımdır.
 
Kamran Əsədov (Ekspert): "Əgər onlar ora dikdaban geyinsələr, hansısa səs salan geyimlər geyinsələr, laklardan, digər kasmetik vasitələrdən istifadə etsələr, bu abutiriyentlərin fikirlərini yayındıra bilər”.
 
Qeyri-adi görünsə də, Əsədov imtahan zallarını xəstəxanalarla da müqayisə edir.
 
İmtahan nəzarətçilərinin geyim qaydalarıyla bağlı Dövlət İmtahan Mərkəzinin rəsmisi Xanlar Xanlarzadənin fikrini aldıq.
 
Xanlar Xanlarzadə (DİM-in sektor müdiri): "Geyim qaydalarında o nəzərdə tutulmayıb ki, məhz bu cür geyim geysinlər. Tövsüyə edilir ki, rahat ayaqqabıda gəlsinlər və gəzərkən mane olmasınlar”.
 
Xanlar Xanlarzadə bildirir ki, imtahanlara təyin olunan nəzarətçilərlə xüsusi seminar keçirilir ki, bu da imtahanların keyfiyyətinə yönəlmiş addımdır.
 
Ekspertlər də bu seminarları yaxşı hal kimi dəyərləndirsələr də, nəzarət sisteminin daha da gücləndirilməsini istəyirlər.
 
İmtahanlar gələcəyin təməlini qoyan proseslərdir. Maksimum dərəcədə diqqətli və məsuliyyətli olmaq lazımdır. Problem yaradacaq ən xırda şeylər belə nəzərə alınmalıdır. Ən azından bu bir abituriyentin hüquqlarının pozulması, ən çoxundan isə bir insanın gələcək həyat fəaliyyətinin alt-üst olmasıdır.
 
RePost.Az


Baxış sayı: 4701 | Tarix: 03.05.2017
Bizi Telegramda izləyin: @repostaz