Daxili İşlər naziri Ramil Usubovun heyrət doğuran qanunsuz hərəkətlərinə görə bu yaxınlarda işdən qovduğu 7 polis əməkdaşının adları məlum olub. Söhbət, Bakı şəhəri, Nizami rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin əməkdaşlarından gedir.
RePost.Az bir neçə gün əvvəl BakiPost.az-a istinadən xəbər verirdi ki, bu qurumda xidmət aparan polis əməkdaşları Daxili İşlər Nazirliyində qeydiyyatda olmayan rabitə vasitələri ("ratsiya”) ilə təchiz edilib. Yol polisi əməkdaşları xidmət aparan zaman qanunu pozan sürücülər və qayda pozuntuları ilə bağlı məruzələri yalnız bu rabitə vasitəsi ilə həyata keçirirmişlər.
"Əməliyyat”lar zamanı çoxlu sayda nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, burada isə müəyyən vəsait ödənildikdən sonra avtomobillər sərbəst buraxılıb.
İnandırıcı olmaq üçün sürücülərə qeydiyyatda olmayan buraxılış vərəqələri verilib. Əslində isə cərimə meydançasına aparılan avtomobillərin buraxılması üçün alınan pullar haqda şöbənin rəisi və onun yaxın ətrafından başqa heç kim xəbərdar olmayıb. Yəni alınan pullar rəsmiləşdirilməyib, şəxsi ciblərə gedib.
Araşdırma zamanı məlum olub ki, bütün bunlarla yanaşı Nizami rayonu ərazisində rəhbərliyə məruzə olunmadan reydlərin aparılması da qanunsuz olaraq həyata keçirilib. Bu reydlər zamanı da həmin rabitə vasitələrindən istifadə olunub.
Məlumatda bildirilirdi ki, şöbədə çalışan, yol-patrul xidməti aparmaq səlahiyyəti olmayan polis zabitləri – "kabinet işçiləri”, həmçinin, təqaüddə olan sabiq DYP əməkdaşı da həmin reydlərə cəlb olunurmuş.
Bu proses 2017-ci ilin mart ayına qədər davam edib. 2017-ci ilin mart ayının əvvəllərində isə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları qeyd olunan pozuntuları aşkar edərək, təhqiqata başlayıblar.
Aparılan təhqiqatların nəticəsi olaraq, əmrlərin icraçısı olan 7 əməkdaş daxili işlər orqanlarından xaric edilib. Onlar arasında iki zabit və bir nəfər polkovnik-leytenant rütbəli şəxs də var.
"AzPolitika.info” işdən qovulan polis əməkdaşlarının adlarını dəqiqləşdirməyə nail olub. Siyahını təqdim edirik:
Bəhram Mədətov (Polkovnik-leytenant)
Rza Mehtiyev
Anar Qurbanov
Fuad Atakişiyev (PPX əməkdaşı)
Tərlan Qasımov
Elnur Rəhmanov
Coşqun Abbasov
Maraqlıdır ki, bu kobud qanun pozuntularına görə birbaşa məsuliyyət daşıyan Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Firdovsi Yusifov hələ öz vəzifəsində qalır. Bu anlaşılmaz fakt isə ilk növbədə işdən çıxarılan polis əməkdaşlarının narazılığına səbəb olub. Onlar qanun pozuntularını məhz rəisin göstərişi və tələbi ilə həyata keçirdiklərini bildirirlər.
Yeri gəlmişkən, müşahidələr belə deməyə əsas verir ki, Nizami DYPŞ əməkdaşlarının qanunsuz hərəkətləri hazırda da davam edir. Hətta daha əcaib formada. Adının çəkilməsini istəməyən vətəndaş-sürücü deyir ki, iki gün əvvəl – mayın 16-da Nizami DYPŞ-nin 99-YP-279 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan əməkdaşı Musayev İqrar Himayət oğlunun qəribə təklifi ilə üzləşib. Belə ki, "İslam Oyunları”na görə "Koroğlu” metrostansiyasının ətrafında yaranmış qarmaqarışıqlıqdan çaşan sürücü avtobus dayanacağına daxil olub. Bu zaman sözügedən DYP əməkdaşı onu saxlayıb və qaydanı pozduğunu, 100 manat 4 bal cərimə ediləcəyini bildirib. Sürücü izah etməyə çalışıb ki, o, yaranmış qarmaqarışıqlığa görə çaşdığından avtobus dayanacağına daxil olub. İmkan varsa, güzəşt olunsun. Bundan sonra DYP inspektoru ilə sürücü arasında təxminən belə bir dialoq keçib:
İnspektor: Nə deyirsən, bəlkə "seka” edək?
Sürücü: "Sekanı” başqaları ilə edərsən! Mənə isə imkan varsa, yazma.
İnspektor çaşqın halda: Həəə… "seka” deyəndə ki, mən deyirəm yəni cərimənin yarısını yazım. 100 manat deyil, onun yarısını yazım… Yəni maddəni dəyişim…
Bundan sonra inspektor guya 50 manatlıq, yəni "seka olunmuş” protokolu yazır və sürücüyə təqdim edir. Lakin sürücü sonradan aydınlaşdırır ki, heç bir "seka”dan söhbət gedə bilməz, inspektor ona elə yol verdiyi xətaya uyğun cərimə yazıb – 60 manat, 3 bal. Yəni, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci bəndi ("Giriş qadağandır” yol nişanının tələbini pozma) inspektorun təqdim etdiyi kimi, 100 manat və 4 bal yox, elə 60 manat 3 bal cərimə sanksiyası nəzərdə tutur.
Sürücü təklif edir ki, DYP rəhbərliyi inspektor İqrar Musayevin "Gəl "seka” edək” təklifinin əslində nə məna daşıdığını aydınlaşdırsın və KİV-də élan etsin ki, bu təklifi alan vətəndaş-sürücülər çaşıb, onun kimi başqa məna çıxarmasınlar…
RePost.Az