"Cümhuriyət” qəzetinin budəfəki müsahibəsi bir çox filmlərdə və seriallarda çəkilən, sifət modeli və gənc aktrisa Pərvin Məmmədzadədir. Çalışdığı cameədə hər kəs onu Leyla Məmmədzadə kimi tanısa da ilk dəfə əsl adını da məhz müsahibə zamanı açıqlayıb.
RePost.Az Cebhe.info-ya istinadən müsahibəni təqdim edir.
-Pərvin xanım, xoş gördük. İşləriniz necə gedir?
-Hər şey qaydasındadır. Təhsilimlə məşğulam. Moskva Dövlət Universitetində İnformatika, texnologiya ixtisası üzrə təhsil alıram. Təhsillə yanaşı film, reklam çəkilişlərində də iştirak edirəm.
-İxtisasınız informatika olduğu halda necə oldu ki səhnəyə çıxdınız?
-İlk dəfə Aviasiya Akademiyası üzrə "Şurik” filminin teatr səhnəsini oynayan zaman mən səhnəyə çıxmışam. Daha sonra mənə gözəllik salonların birindən iş təklifi gəldi. Onlar üçün reklama çəkildim. "Gizlənpaç”, "Mahmud baba”, "Məlikməmməd və Ziba” filmlərinə, həmçinin "Məryəm” serialında və bir çox seriallara çəkilmişəm.
"Mahmud baba” filmində qonorarımı kəsdilər”
-Kastinq çəkilişlərinə qatılırsınız, yoxsa xüsusi dəvət gəlir?
-Xeyr, mən kastinq çəkilişlərinə qatılmıram. Bir dəfə "Kölgə” serialının çəkilişlərinə qatılmışam . Onda da anlaşılmazlıq oldu, mənim yerimə başqa adam çəkildi. Amma digər filmlərə dəvət almışam. Məsələn, "Mahmud baba” filminə məni filmin rejissoru olan Samir Kərimoğlunun qardaşı dəvət etmişdi, hətta mənlə qonorarı məhz onun qardaşı danışmışdı. Başqa məbləğdə qonorar danışsaq da pulumu kəsdilər. Bəlkə də mənim qonorarımı kəsib qoyublar ciblərinə, bilmirəm. Hətta filmdə öz geyimlərimizlə çəkilirdik. Mənim çantam da orda cırıldı heç onu da almadılar mənə. Məsələ çantada və onun qiymətində deyil, sadəcə olaraq qeyri-peşəkarlıq adamı narahat edir. Siz təsəvvür edin ki, məni qrim də etmədilər, mən özüm-özümü qrim etmişəm. Bu dərəcədə idi film çəkilişləri.
-Son vaxtlar belə halların artmasının şahidi oluruq. Aktyor və aktrisaların pulları kəsilir. Siz niyə tələb etmədiniz pulunuzu?
-Bizim gözləntilərimiz var idi, gözləyirdik ki, film tutacaq və biz də normal qonorar əldə edəcəyik, bununla yanaşı həm də tanınacağıq. Amma belə olmadı, hər kəs Samir Kərimoğlunun "Mahmud baba” işini gördü, hər şey göz qarşısındadır...
Deyirdilər ki, kütləvi səhnələr üçün adam gətirin. Normalda 20-30 manat adama pul verilməlidir küləvi səhnələr üçün, "Mahmud baba” filmində o da verilmirdi.
"Çəkilməyəndə də deyirlər özünü dartır”
-Reklam çəkilişlərində necə, qazanc varmı?
-Reklam çəkilişləri əvvəllər daha yaxşı idi. Böhrandan əvvəl rahat şəkildə qiymət deyə bilirdik, dediyimiz qiymət ödənilirdi. İndi bazara dönüb. Reklama pul deyirsən, eləsi var razılaşır telefon danışığı zamanı, sonra görüşürsən işə başlamaq üçün başlayırlar ağlaşmağa, bazar açıb qiymət endirməyə. Ya da elə zəng edəndə başlayırlar aşağı yeri, yuxarı yeri. Axı bu işlər belə olmur? Mən reklam çəkilişlərinə başqa bir qiymətə gedirəm, film çəkilişlərinə başqa qiymətə gedirəm, salon çəkilişlərinə də başqa bir qiymətə. Bu bazar deyil axı? Çəkilməyəndə də deyirlər bu yekəxanadı, özünü dartır və s.
-Reklam çəkilişlərinə neçiyə gedirsiniz?
-Salonun reklam çəkilişlərində də fərq var. Məsələn, əgər tanınmış salondursa onların çəkilişlərinə baha gedirəm. Bilirəm ki, bunların bu məbləği ödəmə potensialı və onu qazanma potensialı var. Amma az tanınan salonların çəkilişlərinə nisbətən ucuz gedirəm. Tanınan salonlara bir çəkiliş 200-250 manata saç və makyaja gedirəm. Az tanınanlara isə 100-150 manata gedirəm.
-Aktrisaların bir çoxsu bu mövzuda həssasdır. Deyirlər aktrisayam, amma Azərbaycanda +18 filmə çəkilmərəm. Siz necə Azərbaycanda +18 filmə çəkilərsinizmi?
-Xeyr, çəkilmərəm. Mən də Azərbaycanda çəkilmərəm. Qonorar nə qədər olursa- olsun çəkilmərəm. Azərbaycandan kənarda çəkilə bilərəm. Azərbaycanda bu düzgün deyil. "Gecə qonağı” filmində Pərvin Abıyeva çəkildi, heç də uğurlu olmadı. İstəməzdim uğursuz filmdə +18 rola çəkilim.
-Onda belə başa düşdüm ki, sizin Azərbaycanda +18 filmə çəkiləcək kişi partnyorlardan xoşunuz gəlmir. Çünki sırf qınaq məsələsi olsaydı heç xarici ölkələrdə də çəkilmək istəməzdiniz. Çünki filmin sərhədi yoxdur. Xaricdə çəkilsəydiniz belə eyni qınağı görəcəkdiniz. Bir səbəb qarşı cins ola bilər.
-Mənə "Nude” və "Nude art” fotosessiya təklifi gəlib, qəbul eləməmişəm. Heç film təklifi olsa da qəbulu etmərəm. Azərbaycanda elə bir kişi aktyor yoxdur mən onunla +18 filmə çəkilim.
-Son günlər "Maşın Şou” da qalmaqallar gündəmdədir. Sizə dəvət gəldimi, yaxud istərdinizmi dəvət gəlsin?
-Dəvət gəlməyib amma istərdim dəvət alım. Amma orda olan söz-söhbətlər, dava-dalaşlar heç də xoş olmadı. Səidə Sultanın Pərvin xanımın qardaşına atmaca atması doğru deyildi. Onu yarışmadan uzaqlaşdırmalı idilər. Çünki onlar öhdəlik imzalayıblar ki, ailəyə ünvanlanmış heç bir atmaca, təhqir olmamalıdır. Səidə Sultan oyunun qaydalarını pozdu amma onu yarışdan niyəsə uzaqlaşdırmadılar. Bu veriliş də təbii ki, qurmadır. Bu tip verilişlərin əksəriyyəti reytinq üçün quraşdırılıb. Türkiyənin "Evlənəcəksən gəl” verilişi var, o da qurmadır. Ordan mənə dəvət gəlmişdi hətta.
-Sizi nə üçün dəvət etmişdilər, ailə qurmaq istəyirdiniz?
-Xeyr, ailə qurmaq istəmirdim. Sadəcə olaraq Seda Sayanın verilişi olan "Evlənəcəksən gəl” verilişindən dəvət etdilər ki, gəl burda süni şəkildə şou yarat, sənin biletini də alacağıq, Türkiyənin ən məşhur otellərinin birində yerləşdirəcəyik, geyimləriniz belə reklam olsun deyə brend firmalardan olacaq, həftəlik də 1200 TL pul verəcəyik gəl. Daha çox şou, qalmaqal yaradana daha da çox mükafat verilir. Amma mən getmədim. Azərbaycandan ora bir çox modellər, futbolçular getdilər, indi də qəşəng pul qazanırlar. Hətta adını çəkmək istəmirəm, bir modelin atası deyib ki, sən adda oğlum yoxdur, Bakıya qayıtma. O da heç qayıtmadı, orda da evi, maşını, hər şəraiti var. Mən də getmədim, qınaq məsələsinə görə. Orda onsuz da ciddi evlilik yox idi, sadəcə şou yaratmaq üçün adam axtarırdılar.
Fikrimcə evlilik elə bir şeydir ki, onu hər kəsin gözü qarşısında etmək doğru deyil. Bu şəxsi həyatdır və şəxsidə qalmalıdır. Əl-əlxsus da tanınmış adamsansa bu gizli qalmalıdır. Necə ki, son günlər bir çox tanınmışlar gizlin-gizlin toy etdilər özlərinə. Abbas Bağırov da özünə kişi toyu etdi (gülür)...
"Gözəllik müsabiqəsində yerlər satılmışdı”
-Bildiyimiz qədər gözəllik müsabiqəsinə də qatılmısınız.
-Bəli, "Miss Turk Vision 2016” gözəllik müsabiqəsinə də qatılmışam. Sadəcə orda da yerlər satılmışdı. Qabaqcadan bəlli idi ki, satılıb yerlər. Hətta başqa yarışmalarda ilk 8-lik açıqlanır amma o yarışmada açıqlanmadı. Yalnız 3-lük açıqlandı. Mən 8-liyə qədər yüksəldim amma daha da yüksələ bilmədim. Yerləri artıq almışdılar. Yalnız bir nəfərə pulsuz verdilər yeri. Çünki o həqiqətən layiq idi həm də ona yer verilməsə yarışmanın qurma olacağı dərhal bilinəcəkdi. İndi həmin adamı da öyrədib önə çıxarıblar ki, denən ki pul alınmayıb yarışmada.
-Əlavə gözəlləşdirmə vasitələrindən istifadə edirsinizmi? Linza, silikon və s.
-Linza istifadə edirəm, sifət modeli olduğum üçün. Amma silikondan istifadə etmirəm. Dodağımda da azacıq əyrilik vardı, onu düzəltdirmişəm. Gözəllik qurban tələb edir. Amma mən bəziləri kimi gözəl görünmək üçün tez-tez plastik əməliyyatlar etdirmirəm.
-Geyimlərinizdə kompleksiniz varmı?
-Geyimdə sərbəstəm, amma "çox sərbəst” də olmuram. Mənim açıq-saçıq geyinməyə heç bir ehtiyacım yoxdur, onsuz da mən özüm çəkici bir xanımam. Hətta mənim filmlərin birində qala gecəsinə geyindiyim geyimiə görə ciddi tənqid və hətta təhqir etdilər. Bir yazıçı xanım mənim geyimimə görə ağzına gələni yazdı. Yazdı ki, gecə köynəyində çıxıb qala gecəsinə. Mən heç nə başa düşə bilmədim, sonra da götürüb mənə çox hörmət etdiyim millət vəkili Qənirə Paşayeva ilə şəklini göndərdi. O ki, qaldı mənim brend geyinməyimə, xeyr, mən brend geyinmirəm. Harada satılmasından asılı olmayaraq, modelindən asılı olmayaraq xoşuma gələn paltarı alıb geyinə bilərəm.
-Adınızla bağlı EKSKLUZİV açıqlama edəcəyinizi demişdiniz.
-Bəli, əslində mənim adım Leyla deyil. Məni hər kəs Leyla Məmmədzadə kimi tanıyır. Mənim əsl adım Pərvindir.
-Bəs niyə sizi Leyla kimi tanıyırlar, Pərvin Abıyeva artıq adını tanıtdırıb deyə Pərvin adını gizlətmisiniz?
-Xeyr, ona görə yox. Bu ailədən qaynaqlanır. Kiçik yaşlarımdan "Leyla” çağırıblar məni. Atam istəyirdi ki, adım Pərvin olsun, anam isə Leyla olmasını istəyirdi. Atamın onun istəyi ilə adım sənədə Pərvin yazıldı. Lakin uşaqlıqdan hamı mənə Leyla dedi. Ona görə də çox adam məni Leyla kimi tanısa da adım Pərvindir.
-Pərvin xanım, sizə müsahibə dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkürümüzü bildiririk. Sizə uğurlar arzu edirik.
-Mən də sizə və simanızda kollektivinizə öz dərin təşəkkürümü bildirirəm. Qələminiz hər zaman iti, sözləriniz kəsərli olsun. Minnətdaram.
RePost.Az