Sumqayıt şəhərində azyaşlıların zəhərlənməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsində araşdırmalara başlanıIıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Trend-ə Polis bölməsinin sahə müvəkkili Hamlet Usubov məlumat verib.
 
Onun sözlərinə görə, hazırda iş üzrə bölmədə təhqiqat aparılır:
 
"Hələlik iş təhqiqatdadır. Fakta görə cinayət işi başlanmayıb. Cinayət işinin başlanıb-başlanmayacağı araşdırmaların nəticəsindən asılıdır".
 
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Trend-ə bildirib ki, uşaqlardan götürülmüş nümunələrin laborator müayinələri nəticəsində xəstələrdə rotavirus aşkar edilib: "Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq, infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsinin olduğu ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarətə götürülüb, aparılan laborator müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir".
 
Bundan əvvəl "Azərsu" ASC-dən Trend-ə bildirilib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur. "Azərsu" ASC tərəfindən Abşeron yarımadasını içməli su ilə təmin edən mərkəzləşdirilmiş su təchizatı sisteminin mənbədən istehlakçıya qədər bütün mərhələlərində təsdiqlənmiş plan-qrafikə uyğun olaraq gündəlik su nümunələri götürülüb yoxlanılır. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır.
 
ASC-dən qeyd ediblər ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb.
 
Xatırladaq ki, Sumqayıt şəhərində azyaşlı uşaqlar arasında kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt şəhər Uşaq Xəstəxanasına çox sayda müraciət daxil olub. Son 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri aşkar olunub. Hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 3808 | Tarix: 12.06.2017
Bizi Telegramda izləyin: @repostaz