Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində sevgilisi tərəfindən öldürülən qadınla bağlı bəzi məqamlar aydınlaşıb.
RePost.Az-ın Lent.az-a istinadən məlumatına görə, hadisədən 12 gün sonra şəxsiyyəti müəyyənləşdirilən 34 yaşlı İlahə Şahbazovanın doğmaları ilə əlaqəsi xeyli vaxt imiş ki, kəsilibmiş.
15 il əvvəl ailə quran və bir oğlu olandan sonra uşağı saxlamaqdan imtina edən İ.Şahbazova atasının vəfatından sonra evi tərk edib. Onun uşağına isə keçmiş ərinin qardaşı sahib çıxıb və azyaşlını himayəyə götürüb.
Anasının Sumqayıtdakı evini tərk edən gənc qadın illər ərzində Bakının müxtəlif yerlərində kirayə yaşayıb və qeyri-sağlam həyat tərzi sürüb. Tez-tez şəhərin mərkəzindəki gecə klublarına gedən və bəzən burada gecələyən İ.Şahbazova bir müddət sonra normal həyata qayıtmaq istəyib.
Buna görə də o, elə barlardan birində tanış olduğu 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçlə birgə yaşamağa başlayıb və bir ay ərzində evdən kənara demək olar ki, çıxmayıb.
Lakin qısqanc xarakterli qadın qeyri-rəsmi həyat yoldaşı ilə tez-tez münaqişə yaradırmış. Belə münaqişələrdən biri mayın 31-də axşam saatlarında yaşanıb.
İ.Şahbazova sərxoş vəziyyətdə Sergeyi bıçaqla vurub. Kəsici aləti onun əlindən almağı bacaran S.Vorobyov da hadisə vaxtı sərxoş vəziyyətdə olub və bir bıçaq zərbəsi ilə qadının həyatına son qoyub.
Bildirilir ki, sevgilisi tərəfindən öldürülən qadının şəxsiyyətini müəyyənləşdirmək üçün 12 gün lazım olub. Buna isə onun valideynlərinin Sumqayıtda yaşaması ilə bağlı Sergeyə dediyi söz kömək edib. Əməliyyatçılar adı, soyadı və ailə üzvləri məlum olmayan qadının izini Sumqayıtda axtarıblar və nəhayət, onun anası tapılıb.
RePost.Az