Kreditini ödəyə bilməyən şəxsi girov götürdülər. RePost.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Paytaxtın Nizami rayonunda yaşayan Bəhruz Sadiqi 2 il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib.
 
Bəhruz Sadiqi də icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib. Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruz Sadiqidən kredit borcunu almasını istəyib. "Bakı Kollektor Agentliyi"nin əməkdaşları da bu gün səhər onu razılığa gəlmək üçün ofisə dəvət ediblər. Bəhruzun sözlərinə görə, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar.
 
Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin.
 
Yalnız polis əraziyə gəldikdən sonra agentliyin əməkdaşları borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra Bəhruz Sadiqini buraxıblar.
 
Məsələ ilə bağlı "Bakı Kollektor Agentliyi"nin də mövqeyini öyrənməyə çalışdıq. Lakin çəkilişə mane olmaqla yanaşı, suallarımıza cavab verməkdən də yayındılar. Ərazi üzrə Nəsimi rayonu 19-cu polis bölməsindən isə bildirildi ki, Bəhruz Sadiqi və yoldaşları bölməyə dəvət ediliblər, araşdırma aparılır. 
 
RePost.Az


Baxış sayı: 3941 | Tarix: 19.06.2017
Bizi Telegramda izləyin: @repostaz