“Bu gün paytaxtın bir sıra xüsusəndə mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri də koordinasiyasız həyata keçirilən yol nişanlamaları və xətləmə işləridir”.

Bu barədə RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, BNA-nın Əsasnaməsində də Bakı şəhərində yol nişanlamaları və xətləmələr BNA-nın və DYP-nın razılığı ilə həyata keçirilməlidir.

“Bu gün Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə bu sahədə birgə çalışır. Amma yenə də bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər ki, bu da tıxaclara eyni zamanda insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olur. Bakı şəhərində yerləşdirilmiş piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub”.

BNA-dan bildirilib ki, svetoforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb. 12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yelrəşdirilib. 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılmış yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməmiş, keçidlər bir-birinə nəzərən çox yaxın quraşdırılıb. 5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi Əsasnaməsinə uyğun olaraq piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasına başlayıb. Piyada keçidlərinin xaotik şəkildə əvvəlcədən yerləşdirilməsinin hər birimiz üçün ağrılı bir məqam olduğunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi ictimaiyyəti də bu işdə faəl əməkdaşlığa dəvət edir. Əhalidən paytaxt yollarında piyada keçidlərinin düzgün yerləşdirilməməsi eyni zamanda düzgün olmayan nişanlanma halları ilə bağlı 141 çağrı mərkəzinə məlumat vermələri xahiş edilir.


Baxış sayı: 4017 | Tarix: 05.07.2017
Bizi Telegramda izləyin: @repostaz