Ötən gecə Füzulinin Alxanlı kəndində düşmən təxribatı nəticəsində həlak olanların dəfn, yaralanan qadının isə müalicə xərclərini rayonun icra hakimiyyəti tərəfindən ödəniləcək.

RePost.Az xəbər verir ki, bu barədə rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrini verib. İcra başçısı bildirib ki, düşmənin mülki şəxsləri hədəf alan hərəkətləri vandalizm və vəhşilikdir: "Düşmənin qadın və uşaqları hədəf alan hərəkətləri onların acizliyini və vəhşiliyini növbəti dəfə sübut edir. Kənd sakinləri düşmənin mülki əhalini hədəf alan hərəkətlərini qətiyyətlə pisləmiş, cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını Ali Baş Komandan, Prezident cənab cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Alxanlı kəndində, həmçinin rayonun bütün yaşayış məntəqələrində hazırda həyat normal axarı ilə davam edir, əhali əkin-biçin və gündəlik qayğıları ilə məşğul olur. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutmuşdur. Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilib.


Baxış sayı: 4074 | Tarix: 05.07.2017
Bizi Telegramda izləyin: @repostaz