Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu – əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib.

RePost..Az-ın məlumatına görə, Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib.

Bizə onu əlavə etmək qalır ki, yüksək vəzifəli şəxsin oğlu ilk dəfə deyil ki, qanunları bu qədər "qəzəbli” şəkildə pozur. R.Orucov 2014-cü ildə piyadanı vuraraq cinayət yerindən qaçmışdı. Sonra onu tutub 4 il azadlıqdan məhrum etdilər. Cəza müddətinin üçdə biri tamam olanda R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxdı və zamində ola-ola yenidən cinayət törətdi.

İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə avtoxuliqan həbs olunub
 
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

RePost..Az


Baxış sayı: 3903 | Tarix: 11.07.2017
Bizi Telegramda izləyin: @repostaz