“Şərq” qəzetinin redaksiyasında Azərbaycan mətbuat tarixini əks etdirən muzeyin açılış mərasimi keçirilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, mərasimdə millət vəkilləri, ictimai xadimlər, mətbuat nümayəndələri iştirak ediblər. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov muzeyin yaradılmasını Azərbaycan jurnalistikasının bu günü və gələcəyi üçün əlamətdar hadisə kimi dəyərləndirib. O qeyd edib ki, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının təşəbbüsü ilə bu ilin martından başlayaraq, Mətbuat Muzeyi ideyası həyata keçirilib.
 
"“Şərq” qəzetinin redaksiyasındakı ekspozisiyada bizim mətbuat tarixinə aid yüzlərlə eksponat yer alıb. Vaxt gələcək Azərbaycan Mətbuat Muzeyi təşkil olunacaq və bu sənədlər həmin muzeyin ilk eksponatları olacaq. Mətbuat tarixinin önəmli şəxsiyyətləri olan böyük qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar insanda zəngin təəssürat yaradır. Bu əlamətdar hadisə münasibəti ilə bütün mətbuat ictimaiyyətini təbrik edirəm” - deyə, o əlavə edib.
 
Professor Cahangir Məmmədli muzeyin açılmasını “Şərq” qəzetinin kollektivinin vətəndaşlıq sevgisindən irəli gəldiyini bildirib.
 
Millət vəkili Elmira Axundova muzeyin gərgin əmək sayəsində ərsəyə gəldiyini qeyd edib: “Təməl qoyulub, muzey yaradılıb. Bizim hamımızın borcumuz muzeyi zənginləşdirməkdir. Kimin arxivində hansı sənədlər, eksponatlar varsa, muzeyə təqdim etməlidir ki, təəssürat daha zəngin və bütöv olsun”.
 
E. Axundova xüsusi Mətbuat Muzeyinin yaradılması üçün Azərbaycan dövləti qarşısında məsələ qaldırılmasının vacibliyini bildirib: “Ayrıca binası, hər bir şəraitə malik olan Mətbuat Muzeyinin yaradılması vacibdir”.
 
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid redaksiyanın daxilində muzeyin yaradılmasını Akif Aşırlının mətbuat təəssübkeşi və tədqiqatçı kimi böyük zəhmətinin bariz nümunəsi olduğunu bildirib.  
 
Akif Aşırlı isə muzeydə 150-dən çox eksponat nümayiş olunduğunu diqqətə çatdırıb: “Muzeydə ayrı-ayrı jurnalistlərə aid şəxsi əşyalar, sənədlər nümayiş olunur. Deyərdim ki, zənginlik baxımından digər muzeylərimizdən geridə qalmır. Azərbaycanda müxtəlif muzeylər fəaliyyət göstərsə də, təəssüf ki, Azərbaycan xalqının inkişafı üçün böyük rol oynayan mətbuata aid muzey yoxdur. Məhz buna görə mən Azərbaycan mətbuat muzeyinin ilkin olaraq, bünövrəsini qoymaq haqqında düşündüm”.
 
RePost.Az
 

Baxış sayı: 4720 | Tarix: 18.07.2017
Bizi Telegramda izləyin: @repostaz