"Bu il 22 iyul Milli Mətbuat Günü ikiqat əlamətdardır".
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
 
Ə. Həsənov deyib ki, iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyevlə jurnalistlərin görüşü keçirilib: "Dövlət başçısının proqram xarakterli çıxışı uzun müddət medianın stolüstü kitabına çevriləcək. Prezident həqiqəti yazmağı, Azərbaycanın milli maraqlarının daxildə və xaricdə qorunması ilə bağlı siyasətə dəstək verməyi, anti-Azərbaycan təbliğatına qarşı mübarizə aparmağı tövsiyə etdi. Bütün bunlar bütün jurnalistlərin ürəyincədir. Təəssüf ki, jurnalistlərin sırasında bu peşəyə xələl gətirənlər də var. Bəzi jurnalistlər Azərbaycan dövlətinə də xələl gətirir, ləkə olur, anti-Azərbaycan fəaliyyətinə dəstək verirlər".
 
Azərbaycan prezidentinin köməkçisi jurnalistlər üçün tikilən ikinci binada 255 jurnalistin mənzil sahibi olduğunu xatırladıb: "Dövlət başçısı həmin jurnalistlərlə görüşdən böyük təəssüratla qayıtmışdı. 255 mənzil bütün jurnalistlərin ehtiyacını ödəmir. Çox təəssüf edirəm ki, adını jurnalist qoyan bir qrup sosial şəbəkələrdə müvafiq Komissiyanın fəaliyyətinə, nəcib aksiyaya kölgə salmağa çalışırlar. 255 jurnalist arasında aktiv olanlar öz haqlarını müdafiə edir. İnanıram ki, onların arasında passiv olanlar da fəallıq göstərəcəklər. Həmin qrup arasında ev almaq üçün adlarındakı mənzili başqalarının adlarına keçirənlər, jurnalist stajlarını yalandan artıranlar, hətta 12-13 yaşlarından əmək fəaliyyəti ilə məşğul olduğu barədə əmək kitabçasına yalandan staj yazdıranlar da var. Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olan jurnalistlərə ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunmaq üçün saxlanılıb. Çox təəssüf ki, həmin qrup katibələrə ev verildiyini deyirlər, siz də cavab vermirsiniz. Yaxud KİVDF-də Komissiyada çalışanlardan birinin ev alması haqqı yoxdur? Yaxud Milli Televiziya Şurasının bir üzvünə ev ayrılıb. O insanlar da mətbuatın problemi ilə məşğul olurlar. O cümlədən mətbuat xidmətlərində çalışanlardan cəmi 5 nəfərə ev ayrılıb. O insanlar da sizin kimi 500 manat maaş alır, onların da haqqı var".
 
Ə. Həsənov jurnalistlər üçün üçüncü binanın 2019-cu il iyulun 22-də istifadəyə verilməyə çalışacaqlarını söyləyib: "Dövlət başçısı 2020-ci ilə qədər üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz 2 ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək".
 
RePost.Az

Baxış sayı: 4378 | Tarix: 22.07.2017
Bizi Telegramda izləyin: @repostaz