Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda yüngül atletika üzrə dünya çempionu olub.
RePost.Az xəbər verir ki, Ramil Quliyevin 200 metr məsafəyə qaçışda birinciliyi 94 illik Türkiyə respublikasının Dünya Atletizm Çempionatında ilk qələbəsidir. Bu səbəbdən Ramilin qələbəsi Türkiyədə böyük rezonansa səbəb olub.
“Fənərbaxça” klubunun prezidenti bu qələbədən çox qürur duyduğunu və göz yaşlarına hakim ola bilmədiyini deyib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da idmançıya təbrik teleqramı göndərib. Bundan başqa Türkiyə prezidenti Tvitter səhifəsində də Ramili təbrik edib. Ərdoğan yazıb: “”Dünya Atletizm Çempionatı kişilər arasında 200 metrədə qızıl medal qazanıb bizi qürurlandıran Ramil Quliyevi ürəkdən təbrik edirəm”..
"Bu şok deyil, amma real kimi də görünmür. Bu çempionatda ən yaxşı nəticəmi göstərdim. Hazırda ən yaxşı qaçışımı göstərdim. Dünya çempionu olmağıma çox şadam. Karyeramın ən yaxşı anıdır", - deyə Quliyev bildirib.
Qeyd edək ki, 2011-ci ilə qədər Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.
RePost.Az