“Sumqayıt şəhərində sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işləri davam edir”.


RePost.Az xəbər verir ki, bu barədə Azvision.az-a Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Rzaqulu Zərəfquliyev deyib.
 
O bildirib ki, hazırda iş davam etdirilir və yaxın zamanlarda yekunlaşacaq: “Həmin itlər ərazidən uzaqlaşdırılır. Dünən şəhərin bir çox sahələrində, xüsusilə 10-cu mikrorayon ərazisində bütün gecə iş aparılıb. 50-ə yaxın sahibsiz it ərazidən çıxarılıb, şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılıb.
 
Bunların içərəsində quduz itlər də var ki, onlar baytarlar tərəfindən nəzarətdə saxlanılır. Müəyyən müddət keçəndən sonra həmin itlər ya lazımi yerlərə köçürülür, ya da quduzluq əlaməti olursa, tamamilə zərərsizləşdirilir. Quduz it dişləməsi halları bundan əvvəl də olub, amma ölüm halı birinci dəfə idi ki, baş verirdi”. 

R.Zəfərquliyevın sözlərinə görə, bir çox hallarda müəyyən təşkilatlar onların işinə maneçilik törədirlər. “İtləri küçələrdən yığmağa qoymurlar. Amma mütəmadi olaraq bizim tərəfimizdən davam etdirilir və sığınacaqlara aparılır”. 

Qeyd edək ki, iyulun 31-də Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı uşaq dünyasını dəyişib.


Baxış sayı: 5822 | Tarix: 18.08.2017
Bizi Telegramda izləyin: @repostaz