2017-ci ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1.203.700 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib.

RePost.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur. Gələnlərin 31,2 faizi Rusiya Federasiyası, 21,2 faizi Gürcüstan, 15,0 faizi İran, 11,6 faizi Türkiyə, 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Ukrayna, 14,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 13,3 faizi yanvar ayında, 12,8 faizi fevral, 20,4 faizi mart, 15,6 faizi aprel, 17,6 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlib.

Körfəz ölkələrindən gələnlərin sayının daha çox olması bu dövrdə ölkəmizə gəlmiş xarici ölkə vətəndaşlarının sayının artmasına təsir edən əsas amil olub. Belə ki, Oman vətəndaşlarının sayı 16,0 dəfə, Küveyt vətəndaşlarının sayı 8,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 6,0 dəfə, Qətər vətəndaşlarının sayı 6,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 4,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,5 dəfə, İran vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,8 dəfə artıb. Bu dövrdə Körfəz ölkələrindən ümumilikdə 263,5 min nəfər gəlib və Azərbaycana səfər etmişlərin ümumi sayında onların xüsusi çəkisi 21,8 faiz təşkil edib.

 

Cari ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  14,8 faiz artaraq 51,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 17,7 faiz artaraq 438,3 min nəfər olub.

2017-ci ilin yanvar-iyun aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər səfər zamanı daha çox yerüstü yol nəqliyyatından istifadə edib. Belə ki, bu nəqliyyat növündən istifadə edənlərin ümumi yekunda xüsusi çəkisi 51,9 faiz, hava nəqliyyatından istifadə edənlərin 47,6 faiz, su nəqliyyatından istifadə edənlərin xüsusi çəkisi isə 0,5 faiz olub.

 


Baxış sayı: 4416 | Tarix: 22.08.2017
Bizi Telegramda izləyin: @repostaz