Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələnilki abituriyentlərin axırıncı dəfə test formasında imtahan verəcəkləri ilə bağlı açıqlaması ölkə mediasının gündəminə çevrilib. Bəziləri yeni dəyişikliklərlə test üsulunun tamamilə ləğv ediləcəyini, bəziləri isə ali məktəbə qəbul formasının genişləndiriləcəyini və test üsulunun da bu forma daxilində bir metod kimi tətbiq olunacağını deyir.
RePost.Az-ın məlumatına görə, tanınmış türkoloq alim, keçmiş təhsil naziri Firudin Cəlilov Xeber365.com-a açıqlamasında bildirib ki, mexanizm tam açıqlanmadığı üçün məsələni tam şərh etmək çətindir:
“Qəbul imtahanlarının 5-6 variantda mexanizmi var. İndi test tamamilə ləğv olunacaq yoxsa yeni qaydalarla daha da təkmilləşdiriləcək, bu, bəlli deyil. Ümumi şəkildə deyə bilərəm ki, o vaxt biz test üsulunu ədalət bərpa olunsun deyə gətirdik. Çalışdıq ki, bilikli uşaqlar ali məktəbə qəbul olsun. O birilər onsuz da özlərinə peşə tapacaqlar. Buna da nail olduq. Keçən müddətdə bu prinsip işlədi. Savadlı uşaqlar atasının varlı yaxud da kasıb olmasından asılı olmayaraq, kənarda qalmadılar. Yeni sistemdə isə necə olacaq, bilinmir”.
Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı isə bildirib ki, test üsulu tamamilə ləğv edilə bilməz:
“Mən bu açıqlamanın tam mətni ilə tanış deyiləm. Ona görə də düşünürəm ki, Məleykə xanım, yəqin, test üsuluyla bağlı yeni qaydaların tətbiq olunacağını deyib. Düşünmürəm ki, 2 il sonra test üsulu tamamilə ləğv olunacaq. Sadəcə, qaydalar xeyli fərqli olacaq. Bu qaydalarla iki dəfə, həm orta məktəbi bitirəndə, həm də ali məktəbə qəbul üçün imtahan vermək olmayacaq. Yəqin ki, bir dəfə imtahan veriləcək və mən elə hesab edirəm ki, test üsulu bu imtahanlarda metodlardan biri olacaq. Yəni müsahibə və digər üsullar da olacaq. Mən belə başa düşürəm. Yoxsa test üsulu tamamilə ləğv edilə bilməz”.
Hamlet İsaxanlı hesab edir ki, ali məktəbə yalnız test üsuluyla qəbul orta məktəblərdə bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur:
“Ancaq test yolu ilə universitetə qəbul özlüyündə orta məktəblərin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Çünki orta məktəbdə uşaq oturub ciddi elmi biliklər əldə etmək əvəzinə, test suallarına hazırlaşır. Buna görə məktəblərdə doğru-düzgün dərs keçilmir və müəllimlər də repetitor şəklində uşaqları test imtahanına hazırlaşdırırlar. Bu, elm öyrənmək deyil. Bu, özü müəyyən mənada fundamental elm öyrənməsinə ziyan vuran bir şeydir. Ona görə də qəbul imtahanı təkcə testdən ibarət olmasın, esse yazılsın, onlarla ciddi bir müsahibə aparılsın ki, şəxsi kefiyyətləri də müəyyən etmək olsun. Bu, daha geniş yanaşma olardı”.
RePost.Az