Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Xəzər rayonunda törədilmiş qətlin üstü açılıb.
RePost.Az-ın məlumatına görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, bu il avqustun 13-də Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.
Məlumatla əlaqədar həmin şəxs itkin düşmüş kimi polis tərəfindən axtarışa verilib.
İlkin araşdırmalarla Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.
Barəsində polis əməkdaşlarında yaranmış şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə çağırılmış S. Abıyev izahatında qaynı Aminin onlara gəldiyini, şəxsi ehtiyaclarını ödəmək məqsədilə ona 90 manat məbləğində pul verdikdən sonra mənzili tərk etdiyini göstərib. Bundan iki gün sonra isə o, cinayətin izini itirmək məqsədilə həqiqiliyi şübhə doğuran növbəti izahat verib, bununla da A. Bayramovun itməsi faktı ilə birbaşa əlaqəsi olduğunu üzə çıxarıb.
Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis idarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşmüş hesab edilən A. Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S. Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib.
Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları avqustun 25-də dərhal Binə qəsəbəsinə gələrək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib, meyit basdırıldığı yerdən çıxarılıb, maddi sübutlar götürülüb, şahidlər dindirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. S. Abıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
RePost.Az