"Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib".
RePost.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.
O, bildirib ki, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən artıq əməkdaşı Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri və xüsusi texnikası cəlb olunub: "Yanğının söndürülməsi üçün ETSN və FHN-nin əməkdaşları fədakarlıq göstərərək bütün mümkün vasitələrdən istifadə edirlər. Çəkillmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək alovu zolağın üstündən ataraq yanğını daha geniş ərazilərə yayır".
Nazirlik rəsmisi qeyd edib ki, Oğuz rayonunun Xaçmaz meşəbəyliyində, Qəbələ rayonu ilə həmsərhəd istiqamətdə baş vermiş yanğını lokallaşdırmaq mümkün olub: "İlkin müşahidələrə görə, yanğın zamanı təxminən 50 hektar ərazidə kol-kos və bir neçə ağac yanıb".