“Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq sabah yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək”.

RePost.Az bildirir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, artıq paytaxtın bütün məktəblərinin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb:

“Məqsəd dərs ilinin başladığı gün yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. Son illərin təcrübəsi göstərir ki, bəzən valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır. Xüsusilə, bəzi valideynlər övladlarını birinci sinifə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrabanın avtomobili də müşayət edir və əksər halda dayanma-durma qaydalarını pozurlar”.

V.Əsədov sürücülərə müraciət edərək məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahiblərini qanunun tələblərinə əməl etməyə çağırıb:

“Avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə parklanmaya düzgün əməl edilməsi vacib şərtdir. Hər bir sürücüdən qaydalara əməl etməlidir. Hər bir sürücü nizam-intizamlı olmalı, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əməl etməli, ərazidə polis əməkdaşının xidmət aparıb aparmamasından asılı olmayaraq, dayanma və durma tələblərini düzgün yerinə yetirməlidir”.


Baxış sayı: 3599 | Tarix: 14.09.2017
Bizi Telegramda izləyin: @repostaz